Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Xorvatiyada səfərdədir.

Oktyabrın 26-da paytaxt Zaqrebdə Birgə Komissiyanın iclası keçirilib. İclasdan əvvəl Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, mədəniyyət naziri Anar Kərimov və Xorvatiya tərəfindən həmsədr, bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coric arasında təkbətək görüş olub. Azərbaycan-Xorvatiya əməkdaşlıq perspektivlərinə dair müzakirələr, Komissiyanın ikinci iclasının gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Xorvatiya Respublikasının iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricin həmsədrliyi ilə Hökumətlərarası Komissiyanın ikinci iclası başlanıb.

İclasda Azərbaycanın Xarici İşlər, İqtisadiyyat, Səhiyyə, Mədəniyyət, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Gənclər və İdman nazirlikləri, ölkəmizin Xorvatiyadakı Səfirliyi, Ələt Azad İqtisadi Zonası, Dövlət Neft Şirkəti, Qida Təhlükəsizliyi və Dövlət Turizm agentlikləri, Milli Elmlər Akademiyasının rəsmiləri iştirak ediblər.

Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan və Xorvatiya dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasındakı münasibətlərdə bütün sahələr üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib.

Anar Kərimov Azərbaycan və Xorvatiya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini qeyd edən nazir bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu bildirib. İkitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün yüksək potensialın olduğu vurğulanıb.

Mədəniyyət naziri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən söz açaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdiyini, işğalçı tərəfindən dağıdılmış ərazilərin bərpası və yenidən qurulması prosesinin aparıldığını qeyd edib. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma prosesi çərçivəsində Xorvatiyanın minatəmizləmə sahəsində ölkəmizə göstərdiyi köməyi vurğulayan Anar Kərimov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və işbirliyinə görə qarşı tərəfə minnətdarlığını ifadə edib. Növbəti mərhələlərdə müxtəlif sahələrdə, o cümlədən energetika və informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub.

İclasda dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) kampaniyası barədə məlumat verilib. Bildirilib ki, qlobal kampaniyanın əsas məqsədi münaqişə regionlarında mədəni irsin qorunmasında, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığını dünyaya çatdırmaq, həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində mədəniyyətin dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini göstərməkdir.

İclasda iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, həyata keçirilən birgə layihələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Sonda Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyasının ikinci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri – Anar Kərimov və Tomislav Coric imzalayıblar.

Protokolda iqtisadi, sənaye, enerji, nəqliyyat, İKT, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq prioritetləri əksini tapıb.

İclasdan sonra media nümayəndələri üçün brifinq keçirilib. İclasda aparılan müzakirələrin, imzalanan sənədin gələcək əməkdaşlıq, birgə fəaliyyətlər üçün istiqamətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, media nümayəndələrinin sualları cavablandırılıb.