“Rebuild Karabakh” sərgisi çərçivəsində panel sessiya

 

Xəbər verdiyimiz kimi, 20–22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisi (“Rebuild Karabakh – 2021”) keçirilib. Oktyabrın 22-də sərgi çərçivəsində Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunan panel sessiya təşkil edildi.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri iştirak edirdi.

Sessiyanı giriş sözü ilə açan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev qonaqları salamladı. Bildirdi ki, sessiya “Yalnız mədəniyyətin sülh üçün nə edəcəyini deyil, həm də sülhün mədəniyyət üçün nə edəcəyini düşün” devizi ilə keçirilir.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə çıxış edərək qlobal kampaniya haqqında məlumat verdi. Qeyd etdi ki, Prezident İlham Əliyevin dəstəyi, dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” kampaniyasına Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq tərəfdaşlarla birgə 2021-ci ilin iyun ayında başlanılıb. Kampaniyanın əsas məqsədi müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasına sülhün yaradılması vasitəsilə nail oluna biləcəyini, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığını dünyaya çatdırmaqdır. Kampaniya, həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində mədəniyyətin dirçəlməsinin başqa regionlara da nümunə olması, bu torpaqlarda baş vermiş vandalizmin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı təkrarlanmaması üçün dünyaya çağırışdır.

Kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur. “Mədəniyyət naminə sülh” kampaniyası eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Dünya Mədəniyyətlərarası Dialoq Forumu ideyasının qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyi nümayiş etdirir.

Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bildirdi ki, “Mədəniyyət naminə sülh” kampaniyası yeni bir təşəbbüsdür: “Bir il əvvəl Vətən müharibəsində qazanılan Zəfərdən sonra həm Azərbaycan üçün, həm də region üçün yeni bir dönəm başladı. Azərbaycan Respublikası işğal faktını aradan qaldırıb, BMT-nin dörd qətnaməsini birtərəfli və təkbaşına həyata keçirib, torpaqlarını işğaldan azad edib”.

E.Mehdiyev qeyd etdi ki, Azərbaycana 25 il öncə humanitar yardım edilirdi. Lakin qısa müddət ərzində Azərbaycan humanitar yardım alan ölkədən donor ölkəyə çevrildi. Təkcə mövcud pandemiya dövründə Azərbaycandan 33 ölkəyə COVİD-19 virusu ilə mübarizə üçün yardım göndərilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov söylədi ki, “Mədəniyyət naminə sülh”ün ölkəmiz tərəfindən başladılması təsadüfi deyil: “Bunun əsas səbəbi torpaqlarımızın otuz ilə yaxın işğal altında olması və sülhün aradan qalxmasıdır. İşğal dövründə mədəni abidələrimiz dağıdılıb, məhv edilib. Sülh özlüyündə insanların rifahının qaldırılması üçün bir vasitədir”.

İcraçı direktor dayanıqlı sülhün təmin olunmasının birgə yaşayış modelindən keçdiyini bildirərək regionun dayanıqlı iqtisadi, siyasi və mədəni inkişafını təmin etmək üçün qarşılıqlı əməkdaşlığın vacib olduğunu diqqətə çatdırdı.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasında gənclərin rolunun vacibliyini vurğuladı. Ölkə olaraq böyük tarixi keçmişə, milli dövlətçilik ənənələrinə sahib olduğumuzu söyləyən B.İslamov bu sahibliyin əsas daşıyıcısının və qoruyucusunun da gənclər olduğunu bildirdi.

Sonda sessiya iştirakçılarının mövzu ətrafında sualları cavablandırıldı.

NURƏDDİN