Xəbər verdiyimiz kimi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Özbəkistanın Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir.

Mədəniyyət və ədəbiyyat günləri çərçivəsində vilayətin mərkəzi Urgənc şəhərindəki Əl-Xarəzmi adına Urgənc Dövlət Universitetinin müəllim və tələbələri ilə görüş, həmçinin Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Addım-addım Özbəkistan” kitabının təqdimatı keçirilib.

Urgənc Dövlət Universitetinin rektoru, professor Baxram Abdullayev Azərbaycandan gələn qonaqları salamlayıb, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əməkdaşlığın inkişafından söhbət açıb, təqdimatı keçirilən “Addım-addım Özbəkistan” kitabının əhəmiyyətini qeyd edib.

Sonra Baxram Abdullayev Qənirə Paşayevanın universitetin fəxri professoru adına layiq görüldüyünü bildirib və bununla bağlı müvafiq sənədi ona təqdim edib.

Əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə AMM-nin direktoru Samir Abbasova da universitetin fəxri fərmanı təqdim olunub.

Qənirə Paşayeva ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıb. Komitə sədri bildirib ki, məşhur Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli repressiya illərində özünə qarşı təhlükə hiss etdiyindən Xarəzmə gəlib və bir neçə il bu universitetdə dərs deyib. Sonra o, təhlükə sovuşub deyə Bakıya çağırılıb, həbs olunub və heç bir günahı olmadan güllələnib. Tarixdən məlumdur ki, Naxçıvan xanının qızı Cəlaliyyə sonuncu Xarəzmşah Cəlaləddin Manquberdinin nişanlısı olub. Cəlaləddin Manquberdi xəyanət nəticəsində öldürüldüyündən onlar evlənə bilməyib. Bu haqda məlumatlar Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin “Cəlaliyyə” tarixi povestində əks olunub.

Qənirə Paşayeva Özbəkistan haqqında müəllifi olduğu kitabın özbək xalqına səmimi münasibəti əks etdirdiyini vurğulayıb, təqdimata görə minnətdarlıq edib.

Sonra Q.Paşayeva rektora xatirə hədiyyəsi təqdim edib.

Samir Abbasov “Addım-addım Özbəkistan” kitabının dost ölkə və özbək xalqı, burada yaşayan soydaşlarımız haqqında etibarlı mənbə olduğunu bildirib. O, ötən əsrin əvvəllərində Azərbaycan maarifçilərinin, ziyalıların Orta Asiyaya gəlişi, insanların maariflənməsində yaxından iştirakı, şair və yazıçılarımız arasındakı yaradıcılıq əlaqələri haqqında söhbət açıb və vurğulayıb ki, topluda bu haqda da danışılır. O bildirib ki, keçmiş SSRİ dövründə və müstəqillik illərində böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Füzuli və Nəsiminin, müasir şairlərin əsərləri vaxtaşırı özbək dillində çap olunub və sevilib. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi ilə bağlı Özbəkistanda və türk dünyasında müxtəlif tədbirlər keçirilir.

Tədbirdə daha sonra alim və tərcüməçi Babaxan Şərif, Özbəkistan Yazıçılar İttifaqının Xarəzm vilayət şöbəsinin sədri, şair Qavxar İbadullayeva, şair və dramaturq Kurban Muxammadrizo, jurnalist və şair İsmayıl Alaberqenov və başqaları çıxış ediblər.

Xalq artisti Gülyanaq Məmmədova muğam və xalq mahnıları və təsniflərimizi, aşıq İlham Abdullayev saz havalarını, AMM-nin nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.