Son illər ölkəmizdə kitabxana şəbəkəsinin inkişafına xüsusi diqqət verilir, bu sahə ilə bağlı ən müasir təcrübələrin tətbiqinə çalışılır. Dövlət başçısı İ. Əliyevin 20 aprel 2007-ci il tarixli sərəncamına uyğun olaraq kütləvi kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə onların maddi-texniki bazasını möhkəmləndirmək, geniş oxucu kütləsini latın qrafikası ilə nəşr olunmuş yeni kitablarla təmin etmək və s. məsələləri əhatə edən proqramın yerlərdə icrasına yönəlik bir sıra addımlar atılır. Belə mədəniyyət mərkəzlərindən biri də Bakı şəhər və Qaradağ rayon İcra hakimiyyətlərinin birgə vəsaiti hesabına əsaslı təmir olunaraq qəsəbə sakinlərinin ixtiyarına verilmiş Nizami adına Lökbatan qəsəbə kütləvi kitabxanasıdır. Müasir tələblər səviyyəsində aparılan təmirdən məmnunluqla danışan kitabxananın direktoru, yazıçı-publisist Alxas Alxasov qəzetimiz vasitəsilə əlaqədar qurumlara təşəkkür etdi: «Əsaslı təmir və yenidənqurma işləri bütün oxucularımızın sevincinə səbəb olub. 50 minə yaxın fondu olan kitabxanamızda Azərbaycan və rus bölmələri, eləcə də oxu zalı fəaliyyət göstərir. Ümumilikdə 5 şöbədən ibarət kitabxananın bir filialı da var». Onu da qeyd edək ki, 1977-ci ildən fəaliyyət göstərən kitabxana bugünədək təmir olunmamışdı. «Mədəniyyət»