Xəbər verdiyimiz kimi, 1–3 dekabr tarixində Azərbaycanın və Özbəkistanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” keçirilib.

Silsilə tədbirlər çərçivəsində Özbəkistan paytaxtındakı “Turan” Kitabxana-İnformasiya Mərkəzi ilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlıq sənədi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə ərsəyə gəlib.

Tədbir iştirakçıları əvvəlcə AMM-in təşkilatçılığı ilə “Turan” Kitabxanasında yaradılmış Qarabağ guşəsini ziyarət ediblər. Sonra tədbir kitabxananın oxu zalında davam edib.

Kitabxananın direktoru Dildora Abduazizova Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini, Daşkənddəki AMM ilə əməkdaşlıq nəticəsində birgə layihələrin həyata keçirildiyini qeyd edib. O, Azərbaycan mədəniyyətinin beşiyi kimi zəngin ənənələrə malik Şuşa şəhərinin Mərkəzi Kitabxanası ilə əməkdaşlığın onlar üçün əhəmiyyətli olduğunu bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli iki ölkə arasında mədəni əlaqələrin inkişafı, Türk dünyası arasında əməkdaşlığın genişləndirilməsi haqqında danışıb. Şöbə müdiri kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

AMM-in direktoru Samir Abbasov yeni sənədin kitabxana sahəsində əməkdaşlıqda əlavə imkanlar yaradacağına əminliyini ifadə edib.

Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva, Özbəkistan Yazıçılar İttifaqının katibi Qayrat Məcid ölkələrimizin tarixi dostluğu və yüksək səviyyəli əməkdaşlığından məmnunluqlarını dilə gətiriblər.

Çıxışlardan sonra memorandum imzalanıb. Sənədi “Turan” Kitabxana-İnformasiya Mərkəzinin direktoru Dildora Abduazizova və Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli imzalayıblar.

Mərasimin sonunda Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Qızıl körpü” sənədli filmi nümayiş etdirilib.

***

Qeyd edək ki, Daşkənddəki mədəniyyət və ədəbiyyat günləri çərçivəsində Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir də təşkil olunub. Tədbirdə Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”sinin və ədəbiyyatşünas, tərcüməçi Ramiz Əskər tərəfindən Azərbaycan dilinə çevrilmiş Əlişir Nəvainin “Xəmsə”sinin təqdimatları keçirilib.

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illiyi və böyük özbək şairi Əlişir Nəvainin 580 illiyinə həsr edilən silsilə tədbirlərdən biri də Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı Türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir” adlı beynəlxalq konfrans olub.

Tədbiri universitetin Özbək ədəbiyyatı tarixi və folklor kafedrasının müdiri, professor Nurboy Jabborov açaraq Nizami və Nəvainin yaradıcılığı haqqında danışıb. Bildirib ki, iki dahi şairi 300 illik zaman ayırır. Nizami “Xəmsə”ni farsca yazsa da, əsərlərində türk dəyərləri, türk ruhu hakimdir.

Universitetin prorektoru Zeynobiddin Abduraşidov AMM-in təşəbbüsü ilə Özbəkistanda Nizaminin “Xəmsə”sinin özbək dilində çap olunmasını və Nəvainin “Xəmsə”sinin Azərbaycanda tərcümə edilərək nəşr olunmasını hər iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.

AMM-in direktoru Samir Abbasov hər iki şairin yaradıcılığının dünya poeziyasının ən gözəl nümunələri olduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli bildirib ki, iki xalqın dünya ədəbiyyatı tarixinə bəxş etdiyi şair və mütəfəkkirlər arasında Nizami Gəncəvinin və Əlişir Nəvainin müstəsna yeri var.

Daha sonra Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər çıxış ediblər.

AMEA Əlyazmalar İnstitutu Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Ankara Milli Kitabxanasının şöbə müdiri, professor Niyazi Unver və Özbəkistan Milli Universitetinin professoru Niqina Şirmuxammedovanın məruzələri dinlənilib.

Sonda AMM tərəfindən Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə Nizami və Nəvainin Azərbaycan və Türkiyə kitabxanalarında saxlanılan əlyazmalarının elektron nüsxələri hədiyyə edilib.