“Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Eyni zamanda Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.

Prezident, birinci xanım və qızları əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Dövlət başçısı və birinci xanım Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə, həmçinin Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəblə tanış olublar.

Həmin gün “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı da olub.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev müəssisədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, “ABAD Factory” bir neçə ildir qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq. Burada kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.

Xatırladaq ki, ABAD – “Ailə Biznesinə Asan Dəstək” publik hüquqi şəxs ölkə başçısının 2016-cı ildə imzaladığı fərmanla yaradılıb. Təkcə cari ilin 10 ayının yekununda “ABAD” 500 ailəyə dəstək göstərib. Qubada yeni müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaq.

Daha sonra Quba-Qonaqkənd avtomobil yolunun açılışı olub. 46 kilometrlik yolun istismara verilməsi ilə ətraf kəndlər də daxil olmaqla ümumilikdə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunacaq.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Quba rayonunun Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət evində yaradılan şəraitlə də tanış olublar. Məlumat verilib ki, 2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Mədəniyyət evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.

Mədəniyyət evi ilə tanışlıqdan sonra dövlət başçısı qəsəbə sakinləri ilə söhbət edib.

Milli Məclisin deputatı Vahid Əhmədov, sakinlər dövlətimizin başçısına Quba-Qonaqkənd avtomobil yolunun çəkilməsi ilə bağlı minnətdarlıqlarını bildiriblər, həmçinin ildönümünü qeyd etdiyimiz Vətən müharibəsində Qələbə münasibətilə bir daha dövlət başçısına təbriklərini, xoş arzularını çatdırıblar.

Qonaqkənd qəsəbəsinə ilk dəfə gəldiyini deyən Prezident İlham Əliyev bir müddət əvvəl burada yol probleminin həlli ilə bağlı müvafiq qurumlara tapşırıq verdiyini və artıq yolun hazır olduğunu deyib: “Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də, həmçinin. Vahid müəllim də, Quba ictimaiyyəti də dəfələrlə bu məsələni qaldırmışdı. Nəhayət, biz buna nail olduq”.

Prezident qeyd edib ki, bundan sonra buraya turistlər də daha çox gələcək: “Bura çox gözəl turizm zonasıdır. Bu yol olmadığı üçün buraya turist də gəlmirdi. Əminəm ki, indi bu gözəl mənzərəli yerlərdə çox gözəl istirahət zonaları, hotellər, ictimai yerlər yaradılacaq. Yəni, Qubanın bu hissəsi canlanacaq”.

Dövlət başçısı vurğulayıb ki, Vətən müharibəsində tarixi Zəfərdən sonra işğaldan azad edilmiş bölgələrimizdə – həm Qarabağda, həm də Zəngəzurda quruculuq işləri aparılır. Eyni zamanda digər bölgələrimizin də inkişafı diqqət mərkəzindədir: “Cəmi bir il keçib üstündən, görün nə qədər böyük işlər görmüşük. Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma, eyni zamanda, Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram”.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qonaqkənd sakinləri ilə birlikdə ulu öndər Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar.

Sonra xatirə şəkli çəkdirilib.