Sessiyada mədəniyyət nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) ali orqanı – Baş Konfransın üç ildən bir keçirilən sessiyasına Misir ev sahibliyi edir. 8-9 dekabr tarixlərində keçirilən İCESCO Baş Konfransının 14-cü sessiyasında mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Baş Konfransın sessiyasından öncə, dekabrın 6-da Misirin paytaxtı Qahirədə İCESCO İcraiyyə Şurasının növbəti, 42-ci illik iclası keçirilib. 51 üzv ölkədən 49 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqil Günəşov təmsil edib.

İclasın açılışında çıxış edən Misirin ali təhsil və elmi tədqiqatlar naziri Xalid Əbdel Ğaffar iştirakçıları salamlayıb və ölkəsinin ev sahibliyi edəcəyi İCESCO Baş Konfransının İslam dünyasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa töhfə olacağını vurğulayıb.

İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın 2021-ci ildə fəaliyyəti haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, COVİD-19 pandemiyası şəraitində yüksək texnologiyaların tətbiqi, innovativ təşəbbüslər, şəffaflıq, həmrəylik və tərəfdaşlıq İCESCO üçün prioritet vəzifələr olub.

Sonra İCESCO İcraiyyə Komitəsinə sədrlik edən İordaniya Mədəniyyət Nazirliyinin baş katibi Nəvvaf Acarmah təşkilatın maliyyə hesabatını və 2022-2023-cü illər üçün fəaliyyət planını təqdim edib. İclasda İCESCO Baş Konfransının 14-cü sessiyasının gündəliyi də müzakirə olunaraq təsdiq edilib.

Onu da qeyd edək ki, İCESCO Baş Konfransının sessiyası Misir Ərəb Respublikasının yeni inzibati paytaxtında – Qahirədən 40 km məsafədə salınan yeni şəhərdə keçirilir. 2015-ci ildə inşasına başlanan və ötən il açılışı olan yeni şəhər 22 milyonluq Qahirənin meqapolis yükünü azaldacaq.

Baş Konfransın sessiyasında İCESCO-nun 2019-2021-ci illərdə fəaliyyəti qiymətləndiriləcək. Tədbir çərçivəsində təhsil sahəsində yeni çağırışlar, kosmik tədqiqatlar mövzusunda xüsusi panellər də təşkil olunacaq. Sonda İCESCO Baş Konfransının 15-ci sessiyasının tarixi və keçiriləcəyi ölkə müəyyən ediləcək.

Xatırladaq ki, 2015-ci ilin noyabrında İCESCO Baş Konfransının 12-ci sessiyası və təşkilatın İcraiyyə Şurasının 36-cı iclası Bakıda keçirilmişdi.