Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası və “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyi ilə birgə təşkilatçılığı ilə görkəmli saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə sənətkarın həyat və yaradıcılığı haqqında söhbət açılıb. Bildirilib ki, xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilib, qədim yurd yerimiz olan Göyçə mahalında isə Aşıq Ələsgərin abidəsi ucaldılıb.

Aşıq sənətinə diqqət və qayğı ənənəsi Prezident İlham Əliyev tərəfindən davam etdirilir, dövlət başçısının sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Vurğulanıb ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar tarixdir.

Tədbirdə aşıqlar böyük sənətkarın sözləri üstündə saz havaları oxuyub, şeirləri səsləndirilib.