Müasir dövrdə turizmlə bağlı ənənəvi təbliğat vasitələri, məsələn, çap məhsulları, reklam çarxlarının istehsalı və s.-lə yanaşı, elektron resursların da rolu böyükdür.
   İnkişaf etmiş ölkələrin əksəriyyətində elektron turizmin xidmətlərindən istifadə geniş yayılıb. Bu yolla turistlər internet vasitəsilə istirahət etmək istədikləri yer və xidmət haqqında ətraflı məlumat alır, bəyəndikləri məkanda özlərinə yer seçib pulunu da ödəyirlər.
   Bəzi ölkələrdə isə hotellər haqqında ətraflı məlumat verən vahid internet portallar mövcuddur. Bu elektron resurslar turistlərə mehmanxana seçimində yardım edir.
   Amma heç də bütün saytlar insanlara düzgün məlumat çatdırmaq məqsədilə yaradılmır. Belə ki tez-tez bəzi hotellərin müştəri qazanmaq üçün özləri haqqında düzgün olmayan məlumatları onlayn-bronlaşma saytlarına yerləşdirməsi ilə bağlı məlumatlara rast gəlirik. Məsələyə adi istifadəçi yox, dövlət rəsmisi diqqət verdikdə isə bu, böyük səs-küyə səbəb olur. Bu günlərdə belə bir hadisə ilə Fransa Xarici İşlər Nazirliyinin yüksək rəsmisi qarşılaşıb. Gözləmədiyi vəziyyətlə üzləşən fransalı yüksək vəzifəli məmur məsələni araşdırdıqdan sonra onlayn-bronlaşmanın əleyhinə olduğunu bildirib. Mütəxəssislərin fikrincə, belə hallar insanlarda turizmin bu növündən istifadəyə marağı azalda bilər.

  Fəxriyyə Abdullayeva