Azərbaycan

 

25 dekabr 1896 – Əməkdar incəsənət xadimi, kino istehsalı təşkilatçısı Teymur Əli oğlu Hüseynov (1896-1973) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında 30-dan çox bədii və sənədli filmin direktoru olub.

25 dekabr 1906 – Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 – 7.11.1990) Bakıda anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.

25 dekabr 1906 – Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda doğulub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.

25 dekabr 1908 – Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Tağı oğlu Həmzəyev (1908-1982) Gəncə şəhərində doğulub. 1937-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın direktoru, baş rejissoru olub.

25 dekabr 1909 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (1909 – 8.9.1982) Şamaxıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.

25 dekabr 1910 – Tarixçi, Azərbaycan EA-nın müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub. Tarix İnstitutunun direktoru (1960-1967) işləyib.

25 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 31.3.1993) Tovuz rayonunda anadan olub. Gəncə Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb.

25 dekabr 1931 – Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, Əməkdar elm xadimi Abuzər Alı oğlu Xələfov (1931 – 27.4.2020) Göyçə mahalının (Ermənistan SSR) Cil kəndində doğulub. 50 ildən çox BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri işləyib.

25 dekabr 1932 – Əməkdar rəssam Kamal Əmirulla oğlu Səmədzadə (1932-2019) Xızı rayonunda anadan olub. Batik sənət növündə əsərlər yaradıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib.

25 dekabr 1934 – Ədəbiyyatşünas alim, şair-publisist, professor Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 – 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.

25 dekabr 1935 – Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov; 1935 – 17.8.1998) anadan olub. “220 saylı otaq”, “Qalaktika” hekayələr toplusu, “Qətl günü” romanının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.

25 dekabr 1941 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941 – 16.11.1995) Şəmkir rayonunun Morul kəndində doğulub. Gəncə və Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

25 dekabr 1954 – Əməkdar incəsənət xadimi, şair Ağalar Həmzə oğlu Mirzə (1954 – 5.3.2008) Şabran rayonunda doğulub. Azərbaycan Televiziyasında şifahi xalq yaradıcılığına aid verilişlərin müəllifi olub.

25 dekabr 2016 – Xalq artisti, tanınmış xanəndə Ağaxan Minaxan oğlu Abdullayev (6.2.1950 – 2016) vəfat edib.

 

26 dekabr 1910 – Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub. Əsərləri: “Şəfəq”, “Buludlar dağılır”, “Məzunlar” (romanlar), “Sularda yanğın”, “Ömür çiçəklənir” (povestlər) və s. Rus dilindən tərcümələr edib.

26 dekabr 1919 – Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 – 30.4.2010) Qazaxda anadan olub. “Çinar”, “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filmində çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.

26 dekabr 1950 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 – 10.10.2015) Şəkidə anadan olub. Musiqili Komediya Teatrında çalışıb, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”  və s. filmlərdə çəkilib. 

 

27 dekabr 1897 – Xalq artisti Yuzef Davidoviç Çarski (Tanxelson; 1897-1948) Tiflisdə doğulub. Dövlət Rus Dram Teatrının aktyoru (1928-ci ildən) olub.

27 dekabr 1912 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (1912 – 25.9.1984) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında bir sıra filmlərin (“Fətəli xan”, “Telefonçu qız”) 2-ci rejissoru olub, sənədli filmlərə quruluş verib.

27 dekabr 1932 – Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 – 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, “Şəhidlər” simfoniyası, “Hophopnamə” oratoriyası və s. əsərlərin müəllifidir.

27 dekabr 1934 – Xalq rəssamı, heykəltəraş, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 – 6.3.2008) Bakıda doğulub. İmadəddin Nəsimi (T.Məmmədovla birgə), Şah İsmayıl Xətai (Z.Mehdiyevlə birgə) və b. görkəmli şəxsiyyətlərin abidələrinin həmmüəllifidir. Milli İncəsənət Muzeyinin direktoru işləyib.

27 dekabr 1938 – Xalq artisti Səfurə Ağabala qızı İbrahimova (1938 – 21.12.2020) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərdə çəkilib.

 

28 dekabr 1918 – Şair, tərcüməçi İbrahim Kəbirli (İbrahim İsmayıl oğlu İbrahimov; 1918-1995) Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Azərbaycan dilindən rus dilinə ədəbi tərcümələr edib. Moskvada “Sovetski pisatel” nəşriyyatında redaktor işləyib.

28 dekabr 1920 – Əməkdar elm xadimi, filosof, akademik Firudin Qasım oğlu Köçərli (1920 – 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində doğulub. Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1967-1985) işləyib.

28 dekabr 1927 – Əməkdar incəsənət xadimi, bəstəkar Nəriman Həbib oğlu Məmmədov (1927 – 6.4.2015) Naxçıvan şəhərində doğulub. Əsərləri: “Şeyx Sənan” baleti, “Hüseyn Cavid” simfoniyası və s.

28 dekabr 1941 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 – 30.8.2000) Ağdam rayonunun Çəmənli kəndində doğulub. “Anama layla”, “Sevgi borc verilməz”, “Haqqa pəncərə” və s. kitabların müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.

28 dekabr 1968 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 – 1968) vəfat edib. Akademik  Dram Teatrında çalışıb, filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

 

Dünya

 

25 dekabr 1813 – Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber; 1813-1894) anadan olub.

25 dekabr 1977 – Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin; 16.4.1889  – 1977) vəfat edib.

 

26 dekabr 1891 – Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub.

 

27 dekabr 1901 – Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich – Marie Magdalene Dietrich; 1901 – 6.5.1992) anadan olub.

 

28 dekabr 1925 – Məşhur rus şairi  Sergey Yesenin (3.10.1895 – 1925) dünyasını dəyişib.

28 dekabr 1945 – Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 27.8.1871 – 1945) vəfat edib.

Hazırladı: Vüqar ORXAN