28 May - Respublika Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, “Millennium Tourism & Congress DMC”nin təşkilatçılığı ilə Xəzər dənizində kruiz həyata keçiriləcək. 
   Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, mayın 28-də Xəzər dənizində “General Əsədov” gəmisində 200 nəfərlik heyət üçün 6 saatlıq gəzinti, ziyafət və konsertin keçirilməsi nəzərdə tutulur.
   Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizi boyunca 800 km-dən artıq su sərhədinin olması çeşidli turizm məhsullarının yaradılmasına zəmin yaradır. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan proqramda aparıcılar, incəsənət xadimləri və rəqqaslar çıxış edəcək. Kruizdə Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqlar da iştirak edəcək. Tədbir «Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı» çərçivəsində 2010-cu ildən həyata keçirilən “Azərbaycanda yeni turist marşrutlarını kəşf edək” layihəsinə daxil olan tədbirlərdən biridir.
   
   Fəxriyyə Abdullayeva