Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə tərcümə etmiş Özbəkistanın Xalq şairi Camal Kamal Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib. “Xəmsə”nin özbək dilinə tərcüməsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə gerçəkləşib.

AMM-in direktoru Samir Abbasov şairi evində ziyarət edib. O, Camal Kamalın dahi Nizami Gəncəvi irsinin təbliğinə töhfəsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib və Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun müvafiq əmrinə əsasən, şairin xatirə nişanı ilə təltif edildiyini diqqətə çatdırıb.

Samir Abbasov ilin yekunları ilə bağlı Özbəkistanda keçirilmiş müsabiqənin qalib diplomunu da Camal Kamala təqdim edib. Camal Kamalın tərcümə etdiyi “Xəmsə” Özbəkistanda AMM-in hər ilin yekunları ilə bağlı keçirdiyi “İlin ən gözəl tərcümə əsəri” və “İlin ən yaxşı ədəbiyyat layihəsi” nominasiyaları üzrə xüsusi diplom və pul mükafatına layiq görülüb.

Qeyd edək ki, Nizaminin özbək dilinə tərcümə olunmuş “Xəmsə”sinin Özbəkistanda, eləcə də ötən ilin 25 noyabrında Bakıda, Nizami Gəncəvi Beynəlxalq Forumu  çərçivəsində geniş təqdimat mərasimi keçirilib.