Vətən müharibəsində öz qanlarıyla tarix yazaraq bizlərə Qələbə sevinci bəxş edən qəhrəmanlardan biri də şəhid mayor Elsevər Vaqif oğlu Paşayevdir.

Elsevər 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. O, beş yaşında ikən düşmən Cəbrayıl rayonunu və onun yaşadığı kəndi işğal edir. Paşayevlər ailəsi öz dədə-baba yurdlarından məcburi köçkün düşərək Beyləqan rayonunda məskunlaşırlar. Elsevər 1994-cü ildə Beyləqan rayon Vilayət Cəfərov adına Milabad kənd orta məktəbində birinci sinfə daxil olur. Daha sonra təhsilini Beyləqan rayonunda yerləşən Cəbrayıl rayon 21 nömrəli köçkün məktəbində davam etdirir.

Elsevər kiçik yaşlarından ailəsinin, yaxınlarının doğma yurdla bağlı yaşadıqları nisgilə şahid olmuşdu. Evdə, məktəbdə eşitdiyi ancaq Cəbrayıl, Qovşudlu, Qarabağ kəlmələri idi. Orta məktəbi bitirdikdən sonra Elsevər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır. 2010-cu ildə hərbi məktəbi bitirərək Gəncədə N saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayır. İngilis dilini mükəmməl bildiyindən onu Bakıya gətirirlər. Bundan sonra xidməti ilə əlaqədar müxtəlif illərdə Türkiyə, Macarıstan, Bolqarıstan, Almaniya, Çexiya və İngiltərədə kurs və təlimlərə qatılır. Təlimləri uğurla başa vurub beynəlxalq sertifikat və diplomlarla təltif olunur. Son olaraq 2019-cu ilin dekabrında sülhməramlı taborun tərkibində Əfqanıstanda 7 aylıq təlimdə iştirak edir. O, xidməti dövründə fərqləndiyinə görə Azərbaycan Ordusunun yubiley və qüsursuz xidmətə görə medallarına layiq görülür.  

Elsevər Paşayev 44 günlük Vətən müharibəsinə kapitan rütbəsi ilə qatılır. Sonra tabor komandiri təyin olunur. Buna baxmayaraq hər zaman öndə, əsgərləri ilə çiyin-çiyinə döyüşür. 2020-ci ilin 4 oktyabrında Cəbrayıl rayonunun işğaldan azad olunmasında xüsusi xidmətləri ilə fərqlənir. Böyük sevinc yaşayır. Çünki ömrünün iyirmi yeddi ilini doğma torpaq həsrətiylə yaşamışdı. Beş yaşında tərk etməyə məcbur qaldığı Cəbrayılı otuz iki yaşında cəsur Vətən oğulları ilə birgə döyüşərək geri alır.

Elsevər Zəngilan və Qubadlı uğrunda döyüşlərdə də fəal iştirak edir. Oktyabrın 20-də Qubadlı döyüşlərində minaya düşür və ağır yaralanır. Qızğın döyüşlər getdiyindən onu dərhal döyüş meydanından uzaqlaşdırmaq mümkün olmadığına görə çoxlu qan itirir. Döyüşlər səngiyəndən sonra ərazidən uzaqlaşdırılır və Ağcabədidə hərbi hospitala gətirilir. Dörd gün komada qalır, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur. Yaralandığı gün mayor rütbəsi alan qəhrəman döyüşçü oktyabrın 25-də şəhidlik zirvəsinə ucalır.

2012-ci ildə ailə həyatı quran Elsevərin Nəzrin və Banu adında iki qız övladı var.

Şəhidin həyat yoldaşı Xəyalə Paşayeva qeyd edir ki, Elsevər Vətənini, torpağını sevən əsl hərbçi olub: “Boş vaxtını övladları ilə keçirərdi. Vətən müharibəsi zamanı imkan olduqca bizimlə danışar, hər şeyin yaxşı olduğunu, narahat olmamağımızı söyləyərdi. Elsevərlə sonuncu dəfə oktyabrın 18-də əlaqə saxladım. Mənə “Sən güclü qadınsan, qızlarımızı sənə əmanət edirəm” deyib sağollaşdı. İki gün sonra isə yaralandığını eşitdim...”.

Elsevər Paşayev oktyabrın 25-də İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

Nurəddin