Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu yarımbəndinin icrasını təmin etmək, eləcə də mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri audiovizual sahəyə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsi keçirilib. Tələbələr arasında keçirilən müsabiqədə ssenarilər 2021-ci il dekabrın 1-dən 30-dək qəbul olunub.

Müsabiqəyə təqdim edilən videoçarx ssenariləri əsasında münsiflər heyəti aşağıda adları qeyd olunan layihələri qalib olaraq seçib.

Münsiflərin qərarı ilə birinci yerə Murad Şükürlünün “Kilid ekranı”, 2-ci yerə Çinarə Əlişlinin “Həyat ağacı”, üçüncü yerə Ziyafət Kazımovun “Bir qrossmeysterin hekayəti” layihəsi layiq görülüb.

Qaliblər üçün mükafatlar müvafiq olaraq 1500, 1000 və 500 manatdır. Mükafatlandırma mərasiminin fevral ayının ikinci yarısında, ali təhsil qurumlarında ikinci semestr başladıqdan sonra keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Kino və televiziya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyev, üzvləri ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq Əli Əmirli, sənətşünas, kino və televiziya redaktoru Nadir Bədəlovdur.