Azərbaycan tarixinə milli hüzn və qürur günü kimi yazılan 1990-cı ilin 20 yanvar hadisələrindən 32 il ötür. Qanlı Yanvar ölkəmizdə müxtəlif yaradıcılıq sahələrində, o cümlədən təsviri sənətdə dönə-dönə əks olunub, rəssam və heykəltəraşlar tərəfindən maraqlı əsərlər ərsəyə gətirilib.

Azərbaycan Rəssamlar İttifaqı və Karikaturaçı Rəssamlar Birliyinin üzvü, beynəlxalq sərgilərin, müsabiqələrin laureatı, tanınmış plakat ustası Kirman Abdinin də yaradıcılığında Qara Yanvar mövzusu qırmızı xətlə keçir. Rəssam bu mövzuya silsilə əsərlər həsr edib. On il öncə, 2012-ci ildə müəllifin bu silsilədən əsərləri metronun “20 Yanvar” stansiyasında sərgilənib maraqla qarşılanıb.

Rəssam faciənin 32-ci ildönümünə “İşığından, zülmətindən qan daman gecə...” adlı yeni əsər həsr edib. Plakatda o məşum gecənin iki rəngi var: qırmızı və qara. Göz yaşı da qırmızı axır. Hətta çırağın işığı belə qırmızıdır. Müəllifin göz yaşı damlası içərisində qövsvarı ay (işıq) təsvir etməsi, əslində, qarşıdakı milli istiqlal yoluna, nurlu sabahlara bir işarədir. Bu ideya eyni zamanda çırağın kimyəvi yanacaq yerinə göz yaşı ilə yanmasıyla bir qədər də qüvvətləndirilir...

Plakatda kabus gecəsinin sabahı – can üstə olan qanlı imperiyanın törətdiyi dəhşətli qırğının gerçək miqyasının üzə çıxdığı gün – çəkilən fotolardan da istifadə edilib.