Bakı Xoreoqrafiya Akademiyasının (BXA)  tam orta təhsil pilləsinin rəhbəri Xatirə Tahirovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, elm və yaradıcılıq işləri üzrə prorektor Elmira Pənahova, xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Yeganə Tapdıqova, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, BXA-nın elmi katibi Həbibə Məmmədova və akademiyanın müəllim-tələbə heyəti iştirak edib.

Xatirə Tahirova 20 Yanvar faciəsi haqqında söz açıb, həmin günü Azərbaycanın tarixində azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb. Sonra BXA-nın tam orta təhsil pilləsi şagirdlərinin ifasında ədəbi-bədii proqram təqdim edilib. “Qərənfilin göz yaşları”, “Ruhlar danışır”, “Ana torpaq və qərənfilin söhbəti” mövzularında şeir və rəqs kompozisiyaları nümayiş etdirilib.

Rəqs və şeir kompozisiyaları tam orta təhsil pilləsinin müəllimləri İlahə Hüseynzadə, Səbiyyə Balakişiyeva, Çinarə Quliyevanın rəhbərliyi ilə hazırlanıb.