Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bir Xəzər əfsanəsi” baletinin premyerası keçiriləcək.

Teatrdan verilən məlumata görə, baletin libretto və musiqi müəllifi istedadlı bəstəkar Lalə Cəfərovadır.

“Bir Xəzər əfsanəsi” baletinin quruluşçu baletmeysteri Xalq artisti, Prezident mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcək.

Əsas partiyaları balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov ifa edəcəklər.