Çağdaş dünyada ənənəvi, sırf istirahət niyyətli turist səfərləri ilə yanaşı, məşhur tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti ilə tanışlıq məqsədli turlar da geniş yayılıb. Yəni turizmdən mədəni təbliğat vasitəsi kimi də istifadə olunur. Bunlara misal kimi Səmərqənddə Əmir Teymurun və yaxınlarının uyuduğu mavzoley, Londonda Şekspir, Praqada Frans Kafka, Budapeştdə Şandor Petefi, Sankt-Peterburqda Dostoyevski, Moskvada Puşkin, Yesenin və digərlərinin xatirə muzeylərini göstərə bilərik.

Bakıda və ölkəmizin ayrı-ayrı regionlarında da görkəmli şəxsiyyətlərin xatirə muzeyləri, həyat və yaradıcılıqları ilə bağlı məkanlar çoxdur. Bu baxımdan belə məkanlar üzrə turizm marşrutunun təşkili bizdə nə dərəcədə faydalı ola bilər?

Bu məsələ ilə bağlı Azərbaycan Turizm Bürosu (ATB) Turizm məhsulu sektorunun müdiri Şərifə Həsənovanın fikirlərini öyrəndik. O bildirdi ki, qurum tərəfindən bu istiqamətdə turizm marşrutu hazırlanıb. Marşrut Mstislav Rostropoviç, Müslüm Maqomayev, Tahir Salahov kimi görkəmli sənətkarların Bakı həyatı ilə bağlı məkanları əhatə edir.

 

Bakıda yaşamış məşhurların sorağında

 

“Bakıda yaşamış məşhurların izi ilə” adlı turizm marşrutu ilə qonaqlar paytaxt küçələrini gəzməklə həmin insanların həyat və yaradıcılıqlarının izlərini özündə yaşadan evlər, binalar, mədəniyyət məkanları ilə tanış ola biləcəklər. Tur zamanı turistlərin üz tutacağı ilk məkan Mstislav Rostropoviçin Bakıdakı ev-muzeyi olacaq. Görkəmli musiqiçinin doğulduğu və ilk uşaqlıq illərini keçirdiyi bu evdə Rostropoviçlər ailəsinə məxsus dəyərli eksponatlar nümayiş olunur. Tahir Salahovun İçərişəhərdəki ev-muzeyində isə qonaqlar XX əsr Azərbaycan rəssamlığının ən məşhur nümayəndələrindən birinin rənglər dünyasına səyahət edəcəklər. Turistlər dahi rəssamın əsərlərinin bir çoxu ilə Milli İncəsənət Muzeyində də tanış ola biləcəklər”.

Sektor müdiri bildirdi ki, tur zamanı qonaqların Azərbaycan Dövlət Akademik Filarmoniyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kimi mədəniyyət ocaqlarına da baş çəkmək imkanları olacaq. Bu məkanlar turun həsr olunduğu məşhur incəsənət xadimlərinin həyatı, yaradıcılığı ilə bağlı olmaqla bərabər, memarlıq üslubu ilə də Bakıya yaraşıq verən binalardır. Marşruta ev-muzeyləri və qeyd olunan məkanlardan əlavə Dənizkənarı bulvar, burada vaxtilə həmin məşhurların ənənəvi görüş yeri olmuş “Mirvari” kafesi, qonaqların Bakının və Xəzərin mənzərəsini seyr edə biləcəyi Dağüstü park da daxildir.

 

“Əli və Nino” romanının izləri ilə

 

Müsahibimiz bildirdi ki, ATB tərəfindən eyni zamanda məşhur bədii əsərlərlə bağlı məkanların əhatə olunduğu marşrutlar da hazırlanır. Nümunə olaraq Qurban Səidin “Əli və Nino” romanında hadisələrin baş verdiyi məkanların daxil edildiyi turist marşrutunu qeyd etmək olar: “İlk dəfə 1937-ci ildə Vyanada alman dilində çap olunmuş “Əli və Nino” romanının müəllifi barədə hələ də müzakirələr getsə də, bu, əsərə olan marağı azaltmayıb. Müxtəlif dillərdə dünyanın 60-dan çox ölkəsində nəşr edilmiş romanda hadisələr Şuşa, Bakı, Gəncə, Tbilisi, Dağıstan və İranda cərəyan edir və iki gəncin sevgi macərası fonunda XX əsrin əvvəllərinin siyasi, sosial və mədəni mənzərəsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövrü və ağır günləri də əksini tapıb. “Sevimli romanın izləri ilə maraqlı gəzinti” adlı turizm marşrutu ilə qonaqlar “Əli və Nino”nun Bakı səhifələrinə səyahətə çıxmaq imkanı əldə edəcəklər”.

Gəzinti əsərin qəhrəmanı Əlinin böyüdüyü və 1918-ci ilin martında erməni-bolşevik dəstələrinin Bakıda törətdiyi qırğınlar zamanı döyüşlərin getdiyi İçərişəhərdən başlayacaq. Əlinin Nino ilə görüş təyin etdiyi indiki Filarmoniya bağı, romanda adı “Şəhər klubu” kimi keçən Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası, İstiqlaliyyət küçəsi və bu küçədə yerləşən Bakı Şəhər İcra Hakimiyyətinin (əsərdə bu bina “Bələdiyyə binası” kimi xatırlanır) binası marşrutun növbəti dayanacaqları olacaq. İndiki 132 və 134 saylı məktəblər isə əsərdə “Müqəddəs Tamara adına qız gimnaziyası” kimi göstərilir və Əli Ninonu görmək üçün tez-tez bu məktəbə gedirdi. Əlinin özünün oxuduğu və romanın ilk cümləsində adı keçən “Rus imperator humanitar gimnaziyası”nın binasında isə hazırda Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir. Gəzintini davam etdirməklə turistlər özlərini sanki romanın içində hiss edəcəklər. İslam Xeyriyyə Cəmiyyətinin binası (İsmailiyyə binası), Qoşa qala qapıları, Haşımovların evi (Konstitusiya Məhkəməsinin binası) və romanda adı çəkilən digər məkanlar öz memarlıq imicini bu gün də saxlayan tikililərdir.

Şərifə Həsənova bildirdi ki, bu marşrutun davamı olaraq “Gəncədə “Əli və Nino” izləri” səyahət proqramı da nəzərdə tutulur. Məlumdur ki, romanda Gəncə ilə bağlı məqamlar kifayət qədərdir. Əli xan Şirvanşirin ulu babası Gəncə yaxınlığında ruslara qarşı döyüşdə qəhrəmancasına həlak olub. Əsərin sonluğu Əlinin ulu babası ilə eyni taleyi yaşadığını göstərir. Müəllif romanın son hissəsində Gəncə camaatının Cümhuriyyətin süqutundan sonra bolşeviklərə qarşı üsyanını da qələmə alıb. Əsərin qəhrəmanı Əli bu döyüşlər zamanı Gəncəçayın üzərindəki körpüdə həlak olur. Bu körpü Gəncədə Mirzə Abbas Abbaszadə küçəsində yerləşir.

Marşrutun digər maraqlı yerləri sırasına Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədəki hökumət binası, romanda Əlinin sığındığı Cümə məscidi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Lüteran kilsəsi, “Gəncəçay” park-bulvar kompleksi və “Əli və Nino” abidəsi daxildir. İl ərzində turistlərin romanda hadisələrin cərəyan etdiyi Şuşa şəhərinə gəzintisi də planlaşdırılır.

ATB rəsmisi vurğuladı ki, hazırlanan marşrutlardan istifadə üçün azerbaijan.travel saytına daxil olmaq və müvafiq marşrutu taparaq xəritəni yükləmək kifayətdir. Ziyarət edilən məkanlarda isə turistlərdən müvafiq ödənişlər tələb olunacaq.

***

Müsahibim sonda qeyd etdi ki, adları çəkilən turizm marşrutları üçün prioritet bazarlar bir sıra qonşu, eləcə də MDB ölkələridir. Gələcəkdə bu arealı daha da genişləndirmək olar. Həmçinin ölkəmizin ayrı-ayrı regionlarında da tanınmış simaların adı ilə bağlı məkanlara turizm marşrutları təyin etmək mümkündür. Məsələn, rus turistlər üçün Qusarda M.Lermontovun, fransız turistlər üçün isə İkinci Dünya müharibəsində Fransada antifaşist Müqavimət hərəkatının üzvü olmuş əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun Şəkidəki ev-muzeylərini həmin siyahıya əlavə etmək olar.

Nurəddin