İlham Qəhrəman
  
  
   Qırılan ağaclara elegiya
  
    1
   Hər gecə baltalar
   çarxa verilən,
   Hər səhər ağacı
   kəsilən şəhər.
   Hər kəsilən ağac boyu
   əli Allah ətəyindən
   üzülən şəhər.
  
    2
   Gör nə vaxtdı qara bayram,
   Qara aydı ağaclara.
   Üstə amanat yuvalar,
   Kimlər qıydı ağaclara?!
  
   Kimsə acımadı belə,
   Vecinə heç kəs almadı.
   Kölgə saldıqları şəhər
   Onlara kölgə salmadı.
  
   Balta səsinə diksinib
   Ağaclar yol boyu ağlar.
   Sərvi, zeytunu, çinarı
   Ocaqda qol-boyun ağlar.
   Şamları doğrayan kişi
   Evinə hanbala gəzir.
   Qurduqları yuvaları
   Quşlar ana-bala gəzir.
  
   Asfalta aşanda gördüm,
   Gördüm nə təhər
    yıxılır.
   Hər yıxılan ağac ilə
   Yıxılır, şəhər yıxılır.
  
   Çıxmaz Bakının
    yadından,
   Ürəyində yara qaldı.
   İtlər qovsa pişikləri
   Canqurtaran hara
    qaldı?!
  
   Küləklərdən nəğmə
   çəkən, -
   Oxuyan vaxtları vardı.
   Onların da bu şəhərdə
   Yaşamaq haqları vardı.
  
   Sırası elə seyrəlir
   Bu şəhər keçəl görünür,
   Hər ağacın kötüyündən
   Ağarır əcəl görünür.
  
   Yaşılını yığıb çöldən
   Günəş kimi qürub edir.
   Ağaclar tək özü getmir
   Kölgəsin götürüb gedir.
  
  
   Süfrə
  
   Balalarımı unudub
   şeirdən yapışanda
   Gördüm balalarım
    ətini yedi.
   Şeiri buraxıb
   balaları tutanda
   şeir mənim
    ətimi yedi
  
  
   Məmməd Dəmirçioğlunun rəsmi
  
   Mən Məmmədi görən kimi
   Yada Akif Səməd düşür.
   Aradakı dostluq üçün
   Ona ayrı rəhmət düşür.
   Əgər İncə bostan olsa,
   Bir yaxşı tağı Məmməddi.
   Bir dost kimi gözümüzün
   Qarası, ağı Məmməddi.
  
   Çəkdiyi sənnən danışır, -
   Çəkdiyi şəkil diridi.
   Mən onnan çox danışmıram,
   Ruhumun söhbət yeridi.
  
   Novxanıda məhləsi var,
   Yol çəkib, ağac əkibdi.
   Mən oğuza oxşayıram,
   Qağam qıpçağa çəkibdi.
  
   Bir albom portret çəkib
   Kim qaldı, kimi çəkmədi?!
   İncədən hamını çəkdi,
   Mənim şəklimi çəkmədi.
  
   4-ü iyul ad günündü,
   süfrə açmaq xərci durur.
   Mən Məmmədə şeir yazdım,
   Mənə şəkil borcu durur.
  
  
   Məsiağanın şeiri
  
    1
   Hər görüşdə - girəvədə
   "Təzə nə var" soruşur.
   Elə soruşur - elə bil
   bağbandan bir tamarzı
   təzə nübar soruşur.
  
   Vay o gündən əlim boş ola, -
   gözü qırımımdan
   bir şey almaya,
   Qara bulud olur,
   sifətinə çən gəlir,
   Çay içiriksə,
   çayı yerə qoyur,
   Yemək yeyiriksə, çəngəli.
  
   Deyirəm, ay Məsi,
   ay Pir olmuş,
   əgər qabımda bir şey varsa,
   bu qələm, bu baş durur
   Əl çəkmir zalım
   pişiyimi ağaca dırmaşdırır.
  
    2
   Get o dosta, şeirim,
   Çoxdandı gözə dəymir,
   "Gördüm" deyən də yoxdu.
   Gilənar sovulandan,
   Alma dəyəndən yoxdu.
  
   Get o dosta, şeirim,
   Bəlkə, bu axşam o da
   elə mən kimi qərib.
   Sənə görə o məni
   ağ yuyub, qara sərib.
  
   Get o dosta, şeirim,
   Tanış ev, tanış ocaq.
   O səni görən kimi
   eynəyi geri basıb
   oxuyub qımışacaq.
  
   Get o dosta, şeirim,
   Məsimiz dost sanbalı,
   Məsimiz dost ağırı.
   Ürəklər bənd olan tel
   Ağappaq dost cığırı.
   Var o dosta, şeirim.
  
  
   Yalquzaq
  
   Ov adına sözü qovdu,
   Tək sözə qanı qaynadı.
   Hər bir şair yalquzaqdı,
   Ölən sevgili - dünyadı.
  
  
   Zəng
  
   Laçın -
   həsrətin bir ucu
   Oğuldərə,
   bir ucu Güləbird.
   Laçın -
   Tanrı müəllim olduğu
   sinif otağı,
   Hamımız
   dərsə gecikən şagird.
  
   Ayrılıq
  
   Ovçuya tuş gəlmiş
   ov kimi ürküb,
   Üz-üzə gələndə
   gendən gedirsən.
   Sən mənim o qədər
   özüm olmusan
   Gedirsən -
   hələ də məndən gedirsən.
   Kim ölə, kim qala
  
   Ədan elə kəsir, qılınc yalandı,
   Qılıncı arxayın qına qoymusan.
   Yanmış, əvvəl-axır çıxacağın var,
   Vallah, sən özünü qana qoymusan.
  
   Bu gün əziz gündü, cümədi sabah,
   Əziz gün qan salma, sayılar günah
   Kim ölə, kim qala - Allaha pənah!
   Yenə zülflərini yana qoymusan.
   İlham, isinmədi istinə sənin,
   Əldə bıçaq duram qəsdinə sənin, -
   Qanımı tökərəm üstünə sənin, -
   Deyərlər, bəzənib xına qoymusan.
  
  
   Dar ağacı
  
   Dünyanın malında
   gözümüz yoxdu,
   Könül tək sevginin
   yalavacıdı.
   Boynumuza düşən
   sevgi kəndiri,
   Sevilən hər qadın
   dar ağacıdı.
  
  
   Bülbül
  
   Sən demə, gül üçün can üzən quşun
   Naləsi kədərin şövqüdü, bülbül.
   Mənimki kədərli şeirlər yazmaq,
   Səninki yanıqlı şərqidi, bülbül.
  
   Haqqın biz tərəfdən kəsildi rəddi,
   Sevincim kədərin yanında pərtdi.
   Gah təzyiqim yendi, gah ödüm artdı,
   Bir yandan ciyərim bərkidi, bülbül.
  
   Sevda can evinin şah damarıdı,
   O həm yox,həm də ki, yoxdan varıdı.
   Desələr: çəkdiyin nədən sarıdı,
   De bizə çəkdirən sevgidi, bülbül.