Litva ədəbiyyatının klassiki, yazıçı-dramaturq, şair, tərcüməçi Vintsas Kreve (Miskevicius)  1919-1920-ci illərdə ölkəsinin Bakıda ilk konsulu olub, həmçinin yenicə yaradılmış Bakı Dövlət Universitetində dərs deyib. Litvalı ədib və diplomatın xatirəsi vaxtilə dərs dediyi binada (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas binası) əbədiləşdirilib. 

Mayın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vintsas Krevenin (1882-1954) adına auditoriyanın və xatirə barelyefinin açılışı olub. Mərasimdə Bakıda səfərdə olan Litvanın birinci xanımı Diana Nausediene, Litva nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Litvanın birinci xanımı və nümayəndə heyətini mədəniyyət naziri Anar Kərimov və universitetin rektoru, professor Ədalət Muradov qarşılayıblar.

Qonağa UNEC-in Ekstern mərkəzi, “Bloomberg” maliyyə laboratoriyası, universitetin təhsil imkanları, beynəlxalq əlaqələri, Litva ali təhsil müəssisələri ilə mübadilə proqramları barədə məlumat verilib. Diana Nausediene universitetdə şəhidlərin memorial-xatirə kompleksini ziyarət edib.

Açılış mərasimində çıxış edən rektor Ədalət Muradov, Vintsas Krevenin Azərbaycandakı diplomatik, eləcə də müəllimlik fəaliyyətindən danışıb. Rektor Litvanın tanınmış yazıçısı və diplomatının adına UNEC-də auditoriyanın yaradılmasının iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinə töhfə verəcəyindən əminliyini bildirib.

Diana Nausediene Litva ədəbiyyatı tarixində önəmli yeri olan Vintsas Krevenin adına auditoriyanın yaradılmasını iki ölkənin bir-birinin tarix və mədəniyyətini daha yaxından tanıması baxımından yüksək qiymətləndirib. O, 2014-cü ildə Litva Təhsil Universitetində (indiki Vitautas Maqnus Universiteti) məşhur Azərbaycan şairi Nizami Gəncəvinin adına auditoriyanın yaradıldığını, 2018-ci ildən isə Vilnüs Universitetində Azərbaycan dili adına auditoriyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Diana Nausediene layihəni həyata keçirən UNEC-ə, Litvanın Azərbaycandakı Səfirliyinə və xatirə lövhəsinin müəllifi olan Antanas Zukauskasa təşəkkürlərini bildirib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Litva arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkə üçün önəmini vurğulayıb, mədəni sahədə əlaqələrdən söz açıb.

Sonra barelyefin önündəki lent kəsilib və açılış olub.

Xanım Diana Nausediene auditoriya ilə tanış olub, tələbələrlə görüşüb.