Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

300 il əvvəl...

18 iyun 1722-ci ildə I Pyotrun başçılığı ilə rus qoşunlarının Həştərxandan Azərbaycan torpaqlarına yürüşü başlanıb.  Bu ərəfədə (15 iyun) Şirvan və Xəzəryanı əhaliyə bəyannamə ünvanlayan rus çarı yerli əhaliyə qarşı pis niyyətlərinin olmadığını bildirmişdi. İlk yürüşdən nəticə əldə edə bilməyən I Pyotr bir il sonra yenidən qoşunlarını regiona göndərdi. Səfəvi dövləti ilə imzalanan Peterburq müqaviləsinə (12 sentyabr 1723-cü il) əsasən, Azərbaycanın Xəzəryanı əraziləri (Bakı da daxil olmaqla) Rusiyanın nəzarətinə keçdi.

 

207 il əvvəl...

18 iyun 1815-ci ildə Napoleon ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələnən Vaterloo (Belçikada yaşayış məntəqəsi) döyüşü olub. Müttəfiqlər tərəfindən sürgünə göndərildiyi Elba adasından qaçaraq Fransaya gələn (“100 günlük hakimiyyət”) və ordusunu yenidən toplayaraq Belçika üzərinə hücuma keçən Napoleon ingilis-holland-alman qüvvələri tərəfindən məğlub edilib. Napoleon İngiltərənin nəzarətində olan Müqəddəs Yelena adasına ömürlük sürgün olunub.

 

104 il əvvəl...

16 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb. Cümhuriyyətin keçici paytaxtı elan edilən Gəncə Nuru paşanın başçılıq etdiyi türk (Osmanlı) qoşunlarının nəzarətində idi.

17 iyun 1918-ci ildə Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası yaranmış vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament formalaşanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu addım Nuru paşanın tövsiyəsi ilə, daşnak-bolşevik (“Bakı Soveti”) qüvvələri ilə mübarizədə çevik qərarlar qəbul etmək naminə atılmışdı. İyunun 16-18-də Kürdəmir cəbhəsində, Göyçayın Qaraməryəm kəndi yaxınlığında ilk döyüş oldu.

17 iyun 1918-ci ildə Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təşkil olunub, Xudadat bəy Rəfibəyli səhiyyə naziri təyin edilib. Prezident Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə 17 iyun Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı günü elan olunub.

 

103 il əvvəl...

16 iyun 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Azərbaycan gürcü tərəfə neft verərək əvəzində silah-sursat almağa başlayıb. Hərbi pakta görə, tərəflər Rusiyanın təcavüzünə qarşı bir-birinə dəstək verməli idi. Lakin 1920-ci ilin aprelində XI Qırımızı ordunun Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi.

 

102 il əvvəl...

19 iyun 1920-ci ildə Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.

 

78 il əvvəl...

17 iyun 1944-cü ildə Danimarka ilə İslandiya arasında uniya (ittifaq) sona çatıb. Hər iki ölkədə keçirilən referendum nəticəsində İslandiya müstəqil respublika elan olunub. Buzlaqlar ölkəsi İslandiya (ərazisi 103 min kvadrat kilometr) XIV əsrin sonundan Danimarkanın hökmranlığı altında idi. Danimarka-İslandiya uniyası 1918-ci ildə yaradılmışdı.

 

61 il əvvəl...

19 iyun 1961-ci ildə Küveyt müstəqillik əldə edib. XVI əsrdən Osmanlı imperiyası tərkibində olan Küveyt 1899-cu ildə Britaniyanın protektoratlığına keçmişdi.

 

30 il əvvəl...

16 iyun 1992-ci ildə Azərbaycanla Rumıniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

17 iyun 1992-ci ildə Azərbaycan Belçika (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) ilə diplomatik münasibətlər qurub.

 

29 il əvvəl...

18 iyun 1993-cü ildə Prezident Əbülfəz Elçibəy gecə ikən gizli şəkildə bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. Həmin gün televiziya ilə xalqa müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

 

21 il əvvəl...

18 iyun 2001-ci ildə Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il 1 avqust tarixindən Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, bütün rəsmi yazışma və sənədləşmə latın qrafikasında aparılmağa başlanıb.

Hazırladı: V.Orxan