İyunun 18-də Xətai Sənət Mərkəzinin qarşısında “Şuşa İli”nə həsr olunmuş akvarel performansı təşkil edilib.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin dəstəyi və “İWS Azerbaijan” (Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi) və Xətai Sənət Mərkəzi nəzdində Akvarel qalereyasının təşkilatçılığı ilə reallaşıb.

Performansda 20-yə yaxın akvarelçi rəssam uzun bir vərəq üzərində öz bacarıqlarını nümayiş etdiriblər.  Əsərlərdə Qarabağ və Şuşa mövzularına üstünlük verilib, zəngin memarlıq nümunələri, heyrətamiz təbiət mənzərələri akvarel texnikası vasitəsilə təqdim edilib.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov iştirak ediblər. Tədbir akvarel performansı iştirakçıları ilə çay masası ətrafında yaradıcı söhbətlə davam edib.