İyunun 23-də M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası “Kitabxanalar ictimai yaddaş institutları kimi” mövzusunda onlayn dəyirmi masa təşkil edib.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun videoçıxışı təqdim olunub. Direktor qeyd edib ki, Milli Kitabxana 2020-ci ildə 2 cildlik “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” adlı Azərbaycan və rus dillərində fundamental biblioqrafiya hazırlayaraq nəşr edib.

Azərbaycan dilində materialları əhatə edən cilddə mövzu üzrə zəngin material toplanıb. Biblioqrafik göstəricidə müharibə zamanında və sonrakı illərdə dərc edilmiş materiallar ayrı-ayrı mövzular üzrə qruplaşdırılıb, müharibə illərində respublikanın fəaliyyəti və qələbənin qazanılmasında nəhəng xidmətinin salnaməsi tərtib edilib. Biblioqrafik göstəricinin 2-ci hissəsi rus dilində nəşr olunub.

K.Tahirov “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində: 1941-1945-ci illər” adlı kitabının da dərc edildiyini, Milli Kitabxananın əməkdaşları tərəfindən “Böyük Qələbə” adlı elektron məlumat bazasının hazırlandığını da iştirakçıların diqqətinə çatdırıb.

Dəyirmi masada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova çıxış edərək Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində ön və arxa cəbhədə fəaliyyətindən bəhs edib.

Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşı Pərvanə Qurbanova kitabxananın fondundan hazırlanan resursları iştirakçılara təqdim edib. O, ölkəmizin 1941-1945-ci illər müharibəsində iştirakı, eləcə də kitabxananın həmin dövrlərdəki fəaliyyəti haqqında geniş məlumat verib, müharibədə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlılardan yeddi nəfərin döyüş yolu haqqında danışıb.

A.S.Puşkin adına kitabxananın əməkdaşları qəhrəman Azərbaycan oğullarının 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətdən bəhs edən təqdimat ediblər.

Sonda dəyirmi masanın nəticələri, iştirakçıların fikirləri və gələcək əməkdaşlıq sahələrinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb.