Milli Kitabxana Silahlı Qüvvələr Günü ilə bağlı virtual sərgi hazırlayıb

 

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Bu gün Azərbaycanda Milli Ordunun yaradılmasının 104-cü ildönümü tamam olur.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ölkədə ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın təşkili barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (“Qafqaz İslam Ordusu”) Nuru paşanın komandanlığı altında bolşevik-daşnak “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi.

Milli Ordunun yaranmasının 80-ci ildönümü ərəfəsində – 22 may 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.

Silahlı Qüvvələrimizin xalqımızın şan-şərəf salnaməsinə yazdığı parlaq tarixdən – 2020-ci ilin Vətən müharibəsindəki Zəfərdən sonra bu əlamətdar gün təqvimimizdə daha böyük anlam qazanıb. Artıq ikinci ildir Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qalib xalq olaraq, zəfər ruhu ilə qeyd edir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Silahlı Qüvvələr Günü münasibətilə virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Silahlı Qüvvələrimizlə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/26_Iyun_Azerbaycan_Silahli_Quvveler_Gunu/index.htm