NATO-nun Madrid sammiti (28-30 iyun) zamanı qlobal təhlükəsizlik məsələləri beynəlxalq gündəmin aktual mövzuları ilə yanaşı, süni intellektin inkişafı kimi dünyanın gələcəyi üçün az əhəmiyyət kəsb etməyən məsələlər də nəzərdən keçirilib.

Sammitdə qəbul olunan NATO-nun Strateji Konsepsiyasında müttəfiq ölkələrin süni intellekt kimi yeni texnologiyalara daha çox sərmayə qoymağa başlamalı olduğu qeyd edilir. Bu məqsədlə süni intellektin inkişafı üçün innovasiya fondu yaradılacaq. Alyansa üzv olan 30 ölkənin ianələri ilə formalaşacaq fondun ilkin məbləği 1 milyard dollar olacaq. Məqsəd startaplara və digər şirkətlərə alyansın ehtiyacları üçün texnologiya hazırlamağa imkan yaratmaqdır.

Xüsusilə Çinin son on ildə süni intellekt və yeni nəsil 5G mobil rabitəsi kimi texnologiyalar baxımından böyük irəliləyişlər əldə etməsi alyansı bu istiqamətdə daha fəal addıma sövq edib. Bu səbəbdən Madrid Strateji Konsepsiyasında NATO-nun yeni texnologiyaların istifadəsinə nəzarət etməsinin zəruriliyi xüsusi vurğulanıb.