Xəbər verdiyimiz kimi, Gürcüstan Milli Muzeyinin əməkdaşı, tarix elmləri doktoru, professor Eldar Nadiradzenin rəhbərliyi ilə gürcü alimləri tərəfindən “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitab-albom hazırlanıb.  Qarabağ xanlığının tarixi irsini Gürcüstan Milli Muzeyində saxlanılan artefaktlara əsasən təqdim edən nəşr bu yaxınlarda (9 iyul) Şuşada diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində təqdim olunmuşdu.

İyulun 22-də Tbilisidə Gürcüstan Təsviri İncəsənət Muzeyində “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirdə iki ölkənin elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimatda çıxış edən Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, kitabın müəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze diqqətə çatdırıblar ki, nəşrdə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın fotoları, onlar haqqında məlumatlar yer alıb. Vurğulanıb ki, elmi araşdırma nəticəsində kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək.

Kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.

Azərbaycanın tarixi ilə bağlı elmi tədqiqatlarına görə gürcü alimlərinə təşəkkür edən Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bu əsərin Heydər Əliyev Fondunun təşəbbüsü və nazirliyin dəstəyi ilə xarici dillərə tərcümə olunaraq nəşr edildiyini deyib. O, nəşrin Azərbaycan Prezidentinin sərəncamı ilə elan edilmiş “Şuşa İli”nə töhfə olduğunu vurğulayıb, kitabın dünyanın digər elmi və mədəni mərkəzlərində də təqdim ediləcəyini bildirib.

Daha sonra təqdimatda iştirak edən Gürcüstanın elmi və mədəniyyət ictimaiyyətinin nümayəndələri kitab-albomdan seçilmiş artefaktları əks etdirən fotosərgi ilə tanış olublar. Onların arasında Qarabağ xanlığına aid edilən bayraq, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini əks etdirən fotolar xüsusi marağa səbəb olub.