DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində rus yazıçısı Anton Çexovun “Təklif” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Rejissor Əbdülqəni Əliyevin quruluş verdiyi tamaşada sağlamlıq imkanları məhdud aktyorlar iştirak ediblər.

Premyeranı tanınmış incəsənət xadimləri də izləyiblər. Onlardan bəziləri tamaşa haqqında fikirlərini media mənsubları ilə bölüşüblər.

Əməkdar artist Sənubər İsgəndərli deyib: “Biz onları sağlamlıq imkanları məhdud insanlar hesab etsək də, əslində, onlar da cəmiyyətin bir üzvüdür. Onların çıxışı çox gözəl təsir bağışladı. Hətta ürəyimdən səhnəyə atılmaq, onlarla birlikdə oynamaq, rəqs etmək keçdi. Bu, bir arzu olaraq qəlbimdən keçsə də, yəqin ki, mən mütləq gəlib onlarla bir səhnəni bölüşəcəyəm. Əlbəttə, gözəl təşəbbüsdür və bu təşəbbüsü araya-ərsəyə gətirənlərə təşəkkür edirəm. Teatr gözəl sənətdir və bu gün ona belə maraq varsa, bu, yalnız bizi sevindirə bilər”.

Xalq artisti Fəxrəddin Manafov tamaşaya böyük maraqla baxdığını deyib: “Teatr mədəniyyətin çox vacib sahələrindən biridir. Tamaşanın quruluşçu rejissoru, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin səhnə ifaçılığı üzrə təlimçisi Əbdülqəni Əliyevi yaxşı tanıyıram və mənə elə gəlir ki, belə bir məkanda belə aktyorların gücü ilə tamaşa qoymağı mədəniyyətə çox böyük bir töhfədir. Bundan sonra da burda nümayiş olunan tamaşaları məmnuniyyətlə izləyəcəyəm”.

Əməkdar mədəniyyət işçisi Rahib Azəri də tamaşadan böyük zövq aldığını bildirib: “Hər şey yüksək səviyyədə idi. Xüsusilə sağlamlıq imkanları məhdud aktyorların işə peşəkarlıqla yanaşmasını çox bəyəndim. Səhnədə aktyorun arabadakı tərəf-müqabilini havaya qaldırıb rəqs etməsi xüsusilə çox təsirli idi. Bu tamaşa üzərində çalışan, zəhmət çəkən hər kəsə bir də ona görə minnətdarlıq edirəm ki, əslində, cəmiyyətdə bu gün də aktual olan məsələləri klassik əsərin vasitəsilə çox gözəl təqdim etdilər”.

Tamaşanın musiqi tərtibatçısı, Əməkdar artist Vüqar Camalzadə isə fikirlərini belə ifadə edib: “Müəyyən sağlamlıq problemi olanların cəmiyyətə inteqrasiyası və onların böyük zəhməti hesabına başa gələn bu tamaşa üzərində həm təlimçilər, həm könüllülər, həm də dəvət olunanlar neçə vaxt idi ki, çalışırdılar. Hər kəs bu tamaşanın uğurlu alınması üçün əlindən gələni etmişdi. Görünür, elə buna görə də “Təklif” çox uğurlu alınmışdı. Sağlamlıq problem olanların daxili dünyasını açmaq və onların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.