Şəki RMİ-nin əhatə etdiyi Zaqatala rayon Mərkəzi Kitabxanasında rayonun tanınmış saz-söz ustadlarından Aşıq Valehin yaradıcılığına həsr olunan “Göyçədən Zaqatalaya başlayan yol” adlı gecə keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, yerli qələm sahibləri, ziyalılar və oxucular iştirak ediblər.

Əvvəlcə ustad aşığın yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Mərasimi Zaqatala rayon MKS-nin direktor əvəzi Leyla Məmmədova açaraq Aşıq Valehin həyat və yaradıcılığı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Aşıq Valeh Göyçə mahalında anadan olub, sonralar öz doğma el-obasından ayrılmaq məcburiyyətində qalıb. Sənətkarın yaradıcılığında ən çətin anlarda ona qucaq açan və öz doğma elindən ayırmadığı Zaqatalaya, eyni zamanda Vətənə həsr edilən şeirlər xüsusilə seçilir.

Gecədə çıxış edən Zaqatala aşıq mühitinin araşdırılması və tədqiqində xüsusi xidmətləri olan filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova bildirib ki, Aşıq Valehin müraciət etdiyi mövzular klassik ənənəyə söykənir, eyni zamanda müasir ictimai-siyasi durumu əks etdirir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva, şair Şakir İbrahimli və başqaları çıxışlarında aşığın insani keyfiyyətlərindən, yaradıcılığının rəngarəngliyindən, şeirlərində təbiətin canlı portretini yaratmasından, gördüyü gözəllikləri olduğu kimi, ustalıqla, qəlbinin saflığı və səmimiliyi ilə tərənnüm etməsindən danışıblar.

Oxucular aşığın yaradıcılığından nümunələr səsləndiriblər.