Xəbər verdiyimiz kimi, azərbaycanlı rejissor Hilal Baydarovun "Balıqlara xütbə" ("Sermon to the Fish”) filmi 75-ci Lokarno Film Festivalının əsas müsabiqə proqramına salınıb.

Avqustun 3-də İsveçrənin Lokarno şəhərində başlayan festivalın beynəlxalq müsabiqə proqramında ümumilikdə 17 ekran işi yer alıb.

Avqustun 10-da festivalda "Balıqlara xütbə" filminin nümayişindən əvvəl Hilal Baydarovun iştirakı ilə mətbuat konfransı keçirilib. Rejissor filmin süjeti və yaradıcı heyətin işindən danışıb. Qeyd edək ki, festivala filmin yaradıcı heyətindən prodüserlər Elşən Abbasov, Den Veksler, aktyorlar Orxan İsgəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov da qatılıblar.

“Balıqlara xütbə” filmi Azərbaycan, Meksika, İsveçrə və Türkiyə kinematoqrafçılarının birgə işidir. Filmin ssenari müəllifləri Hilal Baydarov və Aisu Akcandır.

Ekran əsəri müharibələrdə, savaşın ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

Lokarno festivalı Avropada Kann, Venesiya və Berlindən sonra dördüncü mühüm kino müsabiqəsi hesab olunur. Festivalın baş mükafatı “Qızıl bəbir” heykəlciyidir.

75-ci Lokarno Film Festivalına avqustun 13-də yekun vurulacaq.

Lalə Azəri