VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı (BSFF) bu il 21-25 sentyabr tarixində keçiriləcək. Festivalın builki mövzusu “Təkamülə qarşı inqilab”dır.

Filmlərin seçimi artıq yekunlaşıb. Bu dəfə 32 ölkədən ümumilikdə 68 sənədli film seçilib və 7 kateqoriya üzrə təqdim olunacaq. O cümlədən “Ən yaxşı sənədli film” nominasiyasında 13, “No-Main” müsabiqəsində 18,  ən yaxşı xarici və yerli qısa sənədli filmlər üzrə 19 ekran işi münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Qaliblər festivalın sonuncu günü elan olunacaq.

Həmçinin müsabiqədən kənar 5, “DokuKids”də 4 və “DokuUA”da 5 film nümayiş etdiriləcək.

Hər il festival dünyaca məşhur bir rejissorun filmlərindən ibarət silsilə nümayiş təşkil edir. Bu il qazaxıstanlı rejissor, 2009-cu ildə “Oskar” mükafatının nominantı (“Zanbaq” filmi)  olmuş Sergey Dvortsevoyun dörd filmindən ibarət retrospektiv hazırlanıb.

6-cı festivalın proqramına ilk dəfə uşaqlar üçün sənədli filmlər daxil edilib. Bundan başqa, festival Ukraynadan sənədli filmlər nümayiş etdirməklə bu ölkənin rejissorlarına dəstək olacaq.

Nümayişlərin məkan, gün və  saatları yaxın bir zamanda açıqlanacaq.

2017-ci ildə təsis olunan “DokuBaku” festivalı (təsisçilər İmam Həsənov və Veronika Yanatkova) müxtəlif ölkələrdən sənədli filmlərin nümayişi ilə yanaşı, yerli filmmeykerlərə dəstək vermək məqsədi daşıyır.

Lalə Azəri