“Mənə elə gəldi ki, bir də bu teatrın pilləkənlərini qalxmasam, dünyam alt-üst olar...”

 

Onun söhbət əsnasında dediyi “Məncə, başqa sahədə ola bilməzdim. Mümkün deyildi. Həm sənət adamları olaraq bizə verilən ömrü özümüz üçün yaşamırıq. Özümüzdən sonra xatırlanmağımız, daha uzun “yaşamağımız” üçün keçiririk” sözləri qeyri-ixtiyari  məni diksindirdi. Məhz bu zaman anladım ki, teatr, yaradıcılıq, sənət bütün mənalarda ömürlük asılılıqdır və ona aludə olanı heç vaxt azad buraxmır...

Həmsöhbətim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Əməkdar artist, çoxumuzun aktyor kimi tanıdığı Nicat Kazımovdur. Nahamar həyat və sənət yolları ilə 50-ni, özünün təbirincə desək, inanmayaraq yola salan, ruh yaşı hələ 25 olan dramatik rejissor (özünü belə xarakterizə edir) ilə xeyli dərdləşdik.

 

– Gəlin, “sadəlövh” sual ilə başlayaq. Ad gününüzü harada və necə qeyd elədiniz?

– Evdə qeyd etdim. Düzdü, üç gün istər dərs dediyim ali məktəblərdə tələbələrim, istərsə də teatr və tədbir məşqlərimdə heyət məni səs-küylü təbrik yağışına tutdular. Amma rejissorun, aktyorun ad günü, əslində, səhnədə olur və mən hələ ki bu ad günümü etməmişəm. Bilirsiniz ki, teatrımızın əsas səhnəsi təmirdə idi və inşallah, sentyabrdan yenidən istifadədə olacaq. Yəqin ki, qarşıdakı ayda öz binamıza qayıdacağıq. Teatrın rəhbərliyi ilə məsləhətləşək, ya oktyabr, ya da noyabrda bir tamaşanı benefis kimi oynayacağıq. Bu da yəqin ki, son quruluş verdiyim və həm də aktyor kimi iştirak etdiyim “Qağayı” tamaşası olacaq. Bax o zaman yubileyim oldu deyə bilərik.

 

– Maraqlıdır, Akademik Milli Dram Teatrında bir neçə tamaşaya quruluş vermisiniz. Etiraf edək ki, əksər sənət dostlarınızın o teatra düşmək arzusu var. Nə əcəb siz məqamı çatanda məkanı dəyişmədiniz?

– Mən o teatrı da çox sevirəm. Orada uğurlu tamaşalarım var. Amma mənim doğma evim Gənc Tamaşaçılar Teatrıdır. 19 yaşımda gəlmişəm ora və 31 ildir ki, o səhnə mənim dəyişməz ünvanıma çevrilib.

 

– Amma bir neçə il əvvəl əməlli-başlı teatrın tərkini qılmışdız...

– Hə, haqlısız. Əl-ayağımı çəkmişdim, özümə ofis götürüb yaradıcılıq işlərimi orada görürdüm. Teatra yalnız tamaşam olanda gəlirdim. Üç il belə davam etdi. Qərara aldım ki, artıq  ərizəmi yazıb teatrdan çıxmalıyam. Bu emosional qərar ilə tələsik pilləkənləri yuxarı qalxmağa başladım. İnanmazsız, birdən mənə elə gəldi ki, bir də bu teatrın pilləkənlərini qalxmasam, dünyam alt-üst olar. Hələ səhnəsini, məşq zallarını, tamaşaçı dolu salonunu demirəm. O an ayaq saxladım və anladım ki, mən bu teatrsız natamam bədən kimiyəm və bu məkan mənim dəyişməz ünvanımdır.

 

– Rejissorluğa məhz öz baxış bucağınızı qəbul etdirmək üçün gəldiniz, yoxsa, bu, bir ehtiyac idi?

– Mənim rejissorluğa gəlməyim məcburiyyətdən oldu. Aktyorluğu daha çox sevirəm, yəqin bilirsiz. Təhsilim də aktyorluqdur. Amma sonradan təkmilləşmə keçdim və artıq neçə ildir quruluşçu rejissor  kimi çalışıram. Əslində, tamaşanın balını aktyor çəkir, ləzzətini o alır. Bütün əzab-əziyyəti isə rejissorundur.

 

– Bunu  aktyor kimi düşünüb deyirsiz, yoxsa rejissor?

– Rejissor kimi. Tamaşada yaxşı nə varsa aktyorun ayağına yazılır, amma bir balaca qüsur varsa və hətta bu, aktyorun belə günahıdırsa,  yenə də hədəf rejissor seçilir. Bütün bunları bilə-bilə, həm də məcburiyyətdən rejissorluğu seçdim. Pantomima Teatrından çıxdıqdan sonra qəribə bir boşluğa düşdüm. Gənc Tamaşaçılar Teatrının o vaxtkı rəhbərliyi məni aktyor kimi işə qaytara bilməyəcəyini dedi. Həmin anda refleks olaraq “İcazə verin, bir tamaşa hazırlayım. Xoşunuz gəlsə, tamaşanı repertuara, məni də truppaya qəbul edin” dedim. Gənclik cəsarətimlə verdiyim sözə xilaf çıxmamaq üçün aldığım vaxtın 5-ci günü tamaşanı təhvil verdim.

 

– Aktyorlar da deyir ki, tamaşanın uğuru rejissorun, qüsuru aktyorun ayağına yazılır.

– Bizim işimiz bir-birindən asılıdır. Rejissor aktyorlarında “əriməlidir”, itməlidir. Aktyor işini elə görməlidir ki, orada rejissor görünməməlidir. Bilirsiz, aktyorlar bir az eqoist olurlar. Acıqlarına gəlməsin, düşmən olacaqlar mənimlə (gülür). Mən də aktyor olmuşam. Aktyor səhnədə yalnız öz oyununa cavabdehdir. Amma rejissor bütün kompozisiyanı düşünən, bütün məsələlərə cavabdeh şəxsdir. Onun qurduğu sxemi bəzən bir improvizə ilə pozan aktyor vərdişi də var və mən bu mənada onlara eqoist dedim.

 

– Hiss olunur, improvizələri sevmirsiz.

– Qətiyyən, qəbul etmirəm və bunu aktyorlara qadağan edirəm. Çünki sənin improvizən öz oyununa kömək etsə də, başqasının oyununa xələl gətirir. Bu mənada mənə despot rejissor da deyirlər.

 

– Zaman-zaman teatr və tamaşaçı münasibətləri də müzakirə olunur və tamaşaçını teatrdan küsdürən səbəblərdən danışılır. Necə düşünürsüz, bəlkə məsələ heç bu qədər mürəkkəb deyil...

– Tamaşaçı əgər uzaqlaşıbsa, bunu teatr, biz etmişik. Tamaşaçıya keyfiyyətli, maraqlı və tez-tez yaxşıya doğru dəyişən işlər təqdim etməliyik. Əgər teatr mənəvi zövq, qida yeridirsə, mütləq onun tələbatçısı olacaq. Teatr xəyanəti bağışlamır. Sən ona xəyanət edirsənsə, o səni daha betər rəzil edir.

 

– Ümumiləşdirsək, tamaşaçının bəraəti “Azərbaycan teatrı çağdaş meyillərə açıq deyildir”dədir. Teatrın bəraəti nədir?

– Bilmirəm, yoxdur, məncə. Mən dramaturgiya zəifdir, müasir deyil fikrini qəbul etmirəm. Zəifdir, dünya dramaturgiyasına, müasir klassikaya müraciət elə. Düzdür, dramaturqlarımız azdır, dramaturgiyamız əsas etibarilə publisistikadır. Siz deyən  küskünlüyün bir səbəbi də budur. Hər bir hoqqabazlığa müasirlik damğası vurub səhnəni cılızlaşdırmaq olmaz. Mən heç vaxt yenilik, müasirlik, fərqlilik üçün əsər seçmirəm və bunu  qəbul etmirəm.

 

– Amma yaradıcı tərcümeyi-halına işləyən və bu şöhrətpərəstliyinə görə bütövlükdə yaradıcı kollektivin işini gözdən salan rejissorlar da var.

– Mən özümə cavabdehəm. Götürək sonuncu quruluş verdiyim “Qağayı” əsərini. Onu uşaq vaxtı oxumuşdum və ruh halıma uyğun olmadığına görə bir kənara qoymuşdum. Pandemiya vaxtı, onlayn dərslərin birində yenidən bu əsəri oxuyub müzakirə etdim və elə o məqamda da tamaşa qoymaq qərarına gəldim.

 

– Yeri gəlmişkən, sizin tamaşa barədə “bu, Çexov deyil” deyənlər də var. O cümlədən açıq-saçıq səhnələrə görə...

– Onu deyənlər gedib əsəri bir də oxusunlar və görsünlər ki, mən o tamaşada nə etmişəm. Son illər qoyulan “Qağayı”ların içərisində ən az açıq səhnələri olan tamaşadır bu.

 

– Razılaşırsız  ki, səhnə hər şeydən öncə estetikanı sevir.

– Bəli və mən çalışıram ki, bu mizanı daim qoruyum. Səhnədə hər şeyi eləmək olar, amma estetika çərçivəsində.

 

– Gərək həm də tamaşaçını buna hazırlayasan. Nədir, bəlkə tamaşaçı buna hələ hazır deyil.

– Məncə, peşəkar və maraqlı hər nə varsa, tamaşaçı onu qəbul edəcək. Hə, bir də heç də hər kəsin fikri mənim üçün etalon deyil və hər tamaşa da hər tamaşaçı üçün deyil. Tamaşaların afişalarına yaş həddi mütləq qeyd olunmalıdır. Camaat bilsin ki, nəyə baxır. Əslində, yeganə məqam həddi saxlamaq və gözəl təqdimatdır.

 

– Deyirsiz hər tamaşa da hər tamaşaçı üçün deyil. Mən də bu fikri qəbul etmirəm. Axı teatr kütləvi sənətdir...

– Bəzi tamaşalar var ki, onlar kütləvi tamaşaçı üçün deyil. Məsələn, illər əvvəl teatrımızda M.Vişnekin “Qoca kloun tələb olunur”unu hazırladım. Teatrın o vaxtkı rəhbərliyi bəyənmədi. Hərçənd o, sırf festival tamaşası idi və əsərin müəllifi mənə istənilən əsərini hazırlamaq icazəsi verib. Onu da deyim ki, indi hazırlanan o tamaşalardan müəllifin xəbəri olsa, onları məhkəməyə verər (gülür). Mən əsəri festivalların birində müəlliflə müzakirə etdim və ondan heç bir qonorar olmadan əsərlərini səhnələşdirmə icazəsi aldım. Mənə görə, o əsər sənət adamlarının lazımsızlıq faciəsi, yəni dramatik əsərdir və aktyorun, yaradıcı şəxsin sənət ölümünü göstərən tamaşa heç də hər tamaşaçı üçün deyil. Festival, mütəxəssislər üçün tamaşa başqadır, kassa tamaşası başqa.

 

– İddialı adam təsiri bağışlayırsız.

– Yox, sadəcə, sənətdə real həyatından daha uzun “yaşamaq” və yadda qalmaq istəyən səhnə adamıyam.

 

– Deməli, siz də qoca kloun olmaqdan qorxursuz.

– Çox.

 

– Çalışdığınız teatrın bir missiyası da var: gənclərin mənəvi-estetik zövqünü formalaşdırmaq. Necə düşünürsüz, teatr tərbiyə yeridir, yoxsa əyləncə?

– Hər ikisi. Amma tamaşaçını əyləncəyə cəlb edərək müəyyən ideya ətrafında cilalamaq olar. Yoxsa, gəl mən səni öyrədim, desəniz, heç kəs gəlməz. Amma əyləncə içində fikirlərimizi rahatca təlqin etməliyik.

 

– Bütün yaş kateqoriyaları üçün tamaşalar hazırlayırsız deyə soruşuram: hansı qrup tamaşaçı ilə işləmək daha çətindir?

– Uşaq tamaşası daha çətindir. Çünki onu aldatmaq, əldə saxlamaq çətindir.

 

– Rejissor və aktyor kimi ən uğurlu tamaşanız və rolunuzdan da danışaq, bəlkə.

– Tamaşalarımın hamısı mənə əzizdir. Amma hamısının öz rəfini özüm hamıdan yaxşı bilirəm. Necə deyərlər, malı mala qatmıram. Kassa üçün də, festival üçün də qurduğum  tamaşaların hər birinin səviyyə və auditoriyasını əvvəldən bilirəm və sevinirəm ki, mənim tamaşalarımda tamaşaçı problemi heç vaxt olmur. Qoy, fikrim kiminsə xoşuna gəlməsin, amma bu, belədir. Allah ustadım Bəxtiyar Xanızadəyə cansağlığı versin. Ondan öyrəndim çox məqamlar var və onların içərisində ən çox sevdiyim yaxşı tamaşaçı olmağı bacarmaqdır. Rejissor ilk növbədə yaxşı tamaşaçı olmalıdır və mən bütün tamaşalarımın son məşqində, sadəcə, tamaşaçı oluram və heyətimlə müzakirə edəndə tamaşaçı kimi fikirlərimi bölüşürəm.

 

– Pantomima Teatrı nostalgiyanız yenə qalır?

– Orda mənim ustadım var və o teatrın hər uğuruna sevinirəm. Amma mənim üçün o teatr bir etap idi və onu bitirib özümə yol seçdim. O teatr mənim üçün doğmadır və gəncliyimin kövrək xatirələrinin yeridir.

 

– İki teatrda paralel tamaşalar hazırlayırsız. Milli Dram Teatrı ilə Gənc Tamaşaçılar Teatrını müqayisə edə bilərik?

– Yox, mən bunu heç vaxt eləmirəm və hər birinin də öz yerinin olduğunu unutmuram. Hər iki truppanın müsbət və mənfi tərəfləri var.

 

– Teatrımızda problem aktyor truppaları ilə bağlıdır, yoxsa rejissor nəsli ilə?

– Heç biri, əsas problem teatra münasibətdədir. Bəzən fəaliyyəti, əzab-əziyyəti olanlar kənara atılır, son rolunu 8-10 il əvvəl oynayanlar, artıq səhnəyə yadırğayanlar baş köşəyə çəkiləndə istər-istəməz bir etiraz yaranır. Amma sənət sevgisi, sənət üçün təmənnasızlıq bizim nəslin ən əsas prinsipidir və yaxşı ki, bu zəncir qırılmır, yeni nəsil də gəlir. Bir də sənət fəxri ad, mükafatlar üçün seçdiyimiz deyil, bu, bizim mənəvi ehtiyacımız, həyat qayəmizdir. Mən bu prinsiplə yaşayıram, truppada da, tələbələrə də, birgə işlədiyim komandaya da bunu izah edirəm. Çünki buna özümü məcbur hiss edirəm. Amma, görün ki, dünən teatra gələn bu gün fəxri ad, mükafat istəyir.

 

– Deməli, yeni nəslə yaxşı nümunə olmamısınız.

– Bilmirəm, bəlkə də. Amma bu məsələdə mizanı, qaydaları pozmaq olmazdı. Dediyiniz pis nümunə məsələsinin də günahı onlardadır.

 

– Amma ətrafınızda yaxşı komandanız var və bu mənada artıq imic formalaşdırmısız. Buna necə nail olursuz?

– İşə doğru və layiqli qiymət verərək. Mən onları özümdən ayırmıram və sərf etdikləri əməyi ən yüksək səviyyədə dəyərləndirirəm.

 

– Məqamdır, keçək kütləvi mədəni tədbirlər fəaliyyətinizə. Sizi Şuşada təşkil olunan mədəni-kütləvi aksiyalarda daha aktiv görürük.

– Azad Şuşa hamımızın arzusu idi və min şükür ki, ona yetdik. Şuşanı işğaldan öncə görməyən adam olsam da, elə bilirdim ki, ora yetməsək olmaz. Yadımdadır, döyüşlərin qızğın günləri idi. Sosial şəbəkə paylaşımında İlqar Fəhminin “Balaca kişilər” şeirini oxudum. Mətn məni tutdu və təcili gedib studiyada onu səsləndirdim. Zəfər günündən sonra da eyni həyəcan ilə nazirliyə zəng vurdum, Şuşada, Qarabağda təşkil olunacaq tədbirlərdə sevə-sevə iştirak etmək istədiyimi dedim. Xoşbəxtəm ki, orada təşkil olunan möhtəşəm tədbirlərin bir qismini quruluşçu rejissor kimi hazırlamışam. Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri də mənə həvalə olunub. Böyük sevgi və diqqətlə bu tədbiri də yaddaqalan etməyə çalışacağıq. Çünki bu tədbirlər böyük bir heyətin zəhmətinin bəhrəsidir. Heydər Əliyev Fonduna təşəkkür edirəm ki, məni və çalışdığım komandanı belə məsuliyyətli və qürurverici işlərə cəlb edir.

Hazırda paralel olaraq ölkəmizdə ilk dəfə reallaşacaq beynəlxalq polo yarışının da bədii hissəsinin məşqlərini edirik. 44 dəqiqəlik şou hazırlayıram.

 

– Və son sual. Hər rejissorun xəyalını qurduğu əsəri, aktyorun rolu olur. Arzuladığınız tamaşa üçün gecikməmisiz ki?

– Mən “Romeo və Cülyetta”nı tamam başqa cür hazırlayardım və buna can atırdım. Əslində, bu əsər mənim tamaşa planımda da vardı. Amma təəssüf, belə alındı. Aktyor kimi isə Roma imperatoru Neronu oynamaq istərdim.

Söhbətləşdi: Həmidə Nizamiqızı