“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşa tarixi ingilis dilində” adlı layihənin icrasına başlayıb.

İctimai birliyin sədri Şəhla Nağıyeva bildirib ki, bundan əvvəl “Sönməz Məşəl” İB sözügedən agentliyin maddi dəstəyi ilə “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli film hazırlayıb. İctimai Televiziyanın bazasında çəkilən film artıq tamaşaçılara təqdim olunub. Şuşa şəhərinin əsasının qoyulmasına həsr edilmiş film bu tarixə arxiv sənədləri, dünyaca məşhur yazıçı və tarixçilərin əsərləri əsasında işıq salır.

İctimai birlik yeni layihə çərçivəsində həmin filmin ingilis dilində dublyaj edilərək yayılmasını nəzərdə tutur.

“Şuşanın dağları başı dumanlı” filminin mətninin BBC televiziyasının məşhur aparıcılarından birinin səsləndirməsi planlaşdırılır.

Filmin ssenari müəllifi, jurnalist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur.