Musiqimizin beşiyi, vaxtilə “Şərqin konservatoriyası” adlandırılan Şuşa və bu müqəddəs şəhərdə, möcüzəli mühitdə yetişən musiqi, sənət xadimləri bütün zamanlarda milli mədəniyyətimizin hərəkətverici qüvvəsi hesab olunublar. Beləcə, nəinki yaşayıb-yaratdıqları coğrafiyada və zamanda, ümumilikdə daim milli musiqimizin, xalq olaraq sənət salnaməmizin əsasını təşkil etməyi bacarıblar.

Bu gün hər bir azərbaycanlı üçün həsrətin vüsalla bitməsinin təntənəsi olan Şuşa və onun qoynunda özünə əbədiyaşarlıq qazanan musiqi xadimlərini, nəinki vətənimiz, ümumən dünya musiqi xəzinəsinə əvəzsiz nümunələr bəxş edən şuşalı musiqi xadimlərinin bir qismini yad etmiş olacağıq. Özü də muzey eksponatına çevrilən yaradıcılıq nümunələri və şəxsi əşyalarının bələdçiliyi, işıqlı xatirələrinin “müşayiət”i ilə.

Məlum olduğu kimi, dövlət başçısı tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, ölkəmizdə silsilə mədəni-kütləvi tədbirlər təşkil olunur, fərqli mövzulu layihələr həyata keçirilir.

Bu münasibətlə Musiqi Mədəniyyəti Dövlət Muzeyində də maraqlı aksiyalar reallaşdırılır. Onlardan biri də muzeyin “Şuşa İli”nə həsr etdiyi ekspozisiyasıdır.

Bu günlərdə muzeydə olarkən Ekspozisiya şöbəsinin müdiri Ülviyyə Şəmmədovanın bələdçiliyi ilə maraqlı və bir çoxumuz üçün yeni olan nümunələrin sərgiləndiyi Şuşa ekspozisiyası ilə də tanış olmaq imkanı qazandıq. Şuşa və ona sonsuz sevgiləri hakim olan musiqi sənətimizin görkəmli nümayəndələrinə aid bir neçə nümunə üzərində xüsusilə dayanaraq hər iki zalı gəzdik.

Muzeyin əməkdaşı zəngin fonddan seçilən nümunələr barədə ətraflı məlumat verərək qeyd edir ki, ekspozisiya mədəniyyət ocağının “Şuşa İli”nə bir hədiyyəsidir: “Muzeyin iki zalını Şuşa və şuşalı musiqi, incəsənət xadimlərini xatırladan eksponatlarla zənginləşdirməyə çalışmışıq. Burada bəstəkarların not əlyazmalarından şəxsi əşyalaradək müxtəlif nümunələri izləyə bilərsiniz. Bu yolla çalışdıq ki, ziyarətçilərimiz musiqi mədəniyyətimizi ölməz əsərləri ilə bəzəyən sənət korifeylərimizi daha yaxından tanısınlar”.

İri və işıqlı zalın girişində bizi “müasir tarın atası” hesab edilən Sadıqcanın iri fotosu qarşılayır. Novator tarzənin fotosunu göstərərək onun tarın təkmilləşməsindəki xidmətlərini sadalayan bələdçi xanım ardınca guşəni zənginləşdirən digər fotolardan danışır: “Ölməz Fikrət Əmirovun atası, tanınmış tarzən, bəstəkar Məşədi Cəmil Əmirov Şuşanın sevilən sənət xadimlərindən olub. O həm də Azərbaycan musiqi tarixində muğamları ilk nota salanlardandır”.

Ümumilikdə bir neçə foto və rəsmin nümayiş olunduğu hissədə C.Əmirovla yanaşı Zülfü Adıgözəlovun, Məcid Behbudovun, İslam Abdullayevin də təsvirləri var.

Ekspozisiyada Şuşada yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvaba aid guşə də var. Burada alimə aid bir neçə şəxsi əşya nümayiş olunur. Ziyarətçilər bu guşədə ayaq saxlayaraq ədibə aid kitab, xətkeş, stəkan, qəndqabı və böyüdücü şüşəni görə bilərlər.

Ekspozisiyada XIX əsrdə Şuşada təşkil olunan musiqi məclisləri, həmçinin Şərq konsertlərinə aid təsvirlər də var. Məsələn, 1878-ci ildə Tiflisdə çəkilən fotoda şuşalı musiqi nümayəndələri təsvir olunurlar. Bildiyimiz kimi, həmin dönəmdə ölkəmizdə səsyazma studiyaları olmadığından ifaçılar səslərini musiqi vallarına yazdırmaq üçün müxtəlif ölkələrə üz tuturdular. O məkanlardan biri də Tiflisdəki səsyazma studiyası olub və nümayiş olunan şəkil də həmin anda əbədiləşdirilib. Biz burada məşhur ifaçı Bülbülcan (Əbdülbağı Zülalov) və onun musiqiçilər dəstəsini görürük. Guşədə xanəndə Cabbar Qaryağdıoğlunun da muğam üçlüyü ilə fotosu var.

Ekspozisiyada məşhur azərbaycanlı dirijor və bəstəkar Niyaziyə aid guşə də maraq doğurur. Burada onun rəsm əsəri, “Xosrov və Şirin” operasına çəkilmiş eskizləri ilə yanaşı, müəllifin not əlyazması, dirijor pultu, saatı, neyi və möhürü də nümayiş olunur. Məlum olduğu kimi, maestronun Bakıda mənzil-muzeyi də fəaliyyət göstərir və musiqi xadiminin xatirələrinin qorunduğu həmin məkan da bu muzeyin filialıdır. Yəni əsas ünvan kimi mənzil-muzey eksponatlarla daha zəngindir. Sadəcə, şuşalı və Şuşanı çox sevən musiqi xadimi kimi onun da adı bu ekspozisiyada nümayişə haqq qazananlar sırasındadır.

Muğam üçlüyü guşəsində Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamış Keçəçioğlu Məhəmmədin qavalı, XIX əsrin ortalarına aid sədəfli tar və kamança da var. Onu da qeyd edim ki, muzeydə qorunan ən qədim tar 1908-ci ilə aiddir.

Xarici ruporlu qrammofon da diqqətçəkən eksponatlar arasındadır. Onu izləyici üçün maraqlı edən isə tam başqa nüansdır. Qrammofonun üzərində görkəmli xanəndə Məşədi Məmməd Fərzəliyevin nadir səs yazısının olduğu val var.

İndi isə bələdçimiz bizi müəllif not əlyazmalarının nümayiş olunduğu guşəyə tərəf aparır. Məlumat lövhəsindəki qeydləri oxuyuruq: “Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ləzgi” rəqsinin not əlyazması”, “Süleyman Ələsgərovun “Qarabağ” romansı”, “Soltan Hacıbəyovun “İki nömrəli simfoniya”sı” və “Əşrəf Abbasovun “Şuşa” poeması və “Klavir”inin müəllif not əlyazması”... 

Muzeyin şöbə müdiri Ü.Şəmmədova qeyd edir ki, muzeyin daimi ekspozisiyasındakı bəzi əşyalar hazırda Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan “Mədəniyyətimizin incisi – Qarabağ” adlı sərgidə nümayiş etdirilir.

Həmin materiallar arasında tanınmış bəstəkar Zülfüqar Hacıbəyova aid bəzi sənədlər də var. Burada onun şəxsi arxivindən bəzi sənədlər, eləcə də “Şərəf nişanı” ordeni, yazı ləvazimatları sərgilənir. Ümumən ailəyə aid zəngin eksponatlar Niyazinin Mənzil-Muzeyində qorunur.

Ekspozisiyanı dolaşarkən “Leyli və Məcnun” operasının 1915-ci ilə aid afişası, Hacıbəyov qardaşlarının fotosu və digər rəsmlər də diqqətimizi çəkir.

Şuşanın işğalından əvvəlki və azadlığından sonrakı iki ayrı fotoguşə də maraqlı tarixi anların fotoxronikaya çevrilən məqamları ilə diqqətəşayandır.

İkinci zalda görkəmli muğam ifaçısı Xan Şuşinskiyə aid rəsm əsəri və xanəndənin bəzi şəxsi əşyalarını yaxından görə bilərsiniz.

Nərd oynamağı sevən və müxtəlif məşhur musiqi xadimləri ilə oyun zamanı şəkillər çəkdirən Soltan Hacıbəyovun nərdi də eksponatlar arasındadır. Burada bəstəkarın oğlu İsmayıl Hacıbəyov tərəfindən çəkilən rəsmləri də izləyə bilərsiniz.

Şuşa zalında hazırda ölkəmizdə və ondan kənarda yaşayıb-yaradan şuşalı musiqiçilərin fotoları da nümayiş olunur.

Musiqi sahəsində məşhur şuşalı qadınlar – müğənni Sürəyya Qacar və musiqişünas Aidə Tağızadənin də fotoları sərgiyə rəng qatan nümunələrdəndir.

Eksponatlar arasında şuşalı musiqişünas, Qara Qarayevin tələbəsi Nərgiz Şəfiyeva tərəfindən muzeyə hədiyyə olunmuş piano da var.

Ümumilikdə həyat və yaradıcılıq yolundan Şuşa keçən mədəniyyət xadimlərinin yaddaş və xatirə toplusu olan Şuşa sərgisi izləyənlərə həm Azərbaycan musiqi tarixinin böyük bir hissəsi ilə tanışlıq imkanı verir, həm də qala-şəhərə, qiyabi də olsa, səfər vəd edir...

Həmidə Nizamiqızı