Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya gəliblər.  Prezident və birinci xanım şəhərdəki Yuxarı Gövhər ağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə məlumat verib. Bildirilib ki, tarixi Yuxarı Gövhər ağa məscidində bərpa işləri 2021-ci ilin noyabr ayından başlayıb. Konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Bərpa prosesi Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə aparılır.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universitetinin nəzdindəki restavrasiya və konservasiya laboratoriyasına aparılır.

Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb.

Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.