Bu il görkəmli bəstəkar, tanınmış ictimai xadim, Azərbaycan və SSRİ-nin Xalq artisti Rauf Hacıyevin (1922-1995) anadan olmasının 100 illiyidir.

Prezident İlham Əliyev sənətkarın yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı  Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif səpkili tədbirlər, layihələr həyata keçirilib.

Mədəniyyət Nazirliyi bəstəkarın yubileyi münasibətilə daha bir layihə – musiqi festivalı təşkil edəcək. “Rauf Hacıyev – 100” adlı musiqi festivalı 3-27 dekabr 2022-ci il tarixlərində Bakı və Gəncə şəhərlərində keçiriləcək.

Festival çərçivəsində R.Hacıyevin “Qafqazlı qardaşqızı” operettası, estrada və caz, kamera və simfonik əsərlərindən ibarət konsertlər, eləcə də bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya təşkil olunacaq.

Festivalın konsert, tamaşa və tədbirləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Gəncə Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşəcək.