Noyabrın 28-də ADA Universitetində “Cadenza” orkestrinin (bədii rəhbər Türkər Qasımzadə) konserti keçirilib.

Universitetin tələbələrinə tədris olunan “Azərbaycanşünaslıq” kursu çərçivəsində təşkil edilən (təşkilatçı Afət Muradova) konsert proqramı Asəf Zeynallının “Muğamsayağı” və Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrol Cavidin “Çal-oyna”, “Zəngəzur dağlarında” və digər əsərlərinin səsləndirilməsi ilə başlayıb.

Musiqisevərlər daha sonra Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Fikrət Əmirovun musiqilərindən nümunələr dinləyiblər. Proqramda Xəyyam Mirzəzadənin, İsmayıl Hacıbəyovun əsərləri də yer alıb.

Konserti maraqla dinləyən amerikalı tələbə Mət Qarnet bildirib ki, burada səslənən əsərlər Azərbaycanın zəngin çalarlara malik musiqi irsindən xəbər verir.

Konsertin solistləri Fatimə Nəsirli (skripka), Afaq Qarayeva (piano), konsertmeysteri Samir Əsədov olub.