Nazirlər Kabinetinin 29 noyabr 2022-ci il tarixli Qərarı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi və sanitariya-mühafizə zonasını təsdiq edilib.

Əsasnaməyə əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Şərq çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.

Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılıb. Rayon 27 illik işğaldan azad edildikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində qoruğun fəaliyyəti bərpa edilib.