UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mərakeşin Rabat şəhərində keçirilən 17-ci sessiyasında Türkiyənin təqdim etdiyi 1 milli nominasiya, həmçinin Türkiyənin iştirakı ilə təqdim edilmiş 3 çoxmillətli nominasiya təşkilatın müvafiq siyahılarına salınıb.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir.

Xatırladaq ki, noyabrın 29-da sessiyada Türkiyənin “Ahlat ənənəvi daş ustalığı” milli nominasiyası UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilib.

Dekabrın 1-də isə UNESCO Hökumətlərarası Komitəsi Türkiyə və Azərbaycanın birgə müraciəti əsasında “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu” nominasiyasının “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınması barədə qərar qəbul edib.

Bundan əlavə, Türkiyənin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birgə təqdim etdiyi “Hoca Nəsrəddin lətifələrini söyləmək  ənənəsi” nominasiyası, habeləAzərbaycan, Türkiyə, Əfqanıstan, İran, Tacikistan, Türkmənistan və Özbəkistanın birgə təqdimatı əsasında “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” elementi “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”ya salınıb.

Beləliklə, Türkiyənin qeyri-maddi mədəni irsi ilə bağlı UNESCO-nun siyahılarına daxil edilən elementlərin ümumi sayı 25-ə çatıb. Onlardan 23-ü “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”nda, 2-si isə “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”nda yer alıb.

Nazirlikdən o da bildirilib ki, Türkiyə UNESCO-nun mədəni irs siyahılarında ən çox elementi qeydə alınan üç ölkədən biridir.

Mehparə Sultanova

Ankara