Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq yazıçısı Elçin Türkiyənin “Star” qəzetinin təsis etdiyi “Necip Fazıl” mükafatına layiq görülüb. 

Dekabrın 2-də İstanbulda IX “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Elçin “Beynəlxalq mədəniyyət-sənət” nominasiyası üzrə “Necip Fazıl” mükafatı ilə təltif olunub. Yazıçı “İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə” mükafata layiq görülüb.

Mükafatı yazıçıya Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib. O, çıxışında Elçinin müxtəlif dillərə tərcümə edilən əsərləri ilə qəlbləri fəth etdiyini deyib. Bildirib ki, Türkiyə-Azərbaycan dostluğunun səmimiyyətinin, həmrəyliyinin dünyada nümunə kimi göstərildiyi bir dövrdə verdiyimiz bu mükafat xüsusi məna daşıyır.

Mərasimdə ümumilikdə altı nominasiya üzrə “Necip Fazıl” mükafatları təqdim edilib. “Şeir” nominasiyası üzrə Mehmet Can Doğan, “Hekayə-roman” nominasiyası üzrə Ayşegül Genç, “Fikir-araşdırma” nominasiyası üzrə Mustafa Özel, “İlk əsərlər” nominasiyası üzrə Elif Genç və Can Acer, “Sayqı” nominasiyası üzrə İlhami Atalay mükafata layiq görülüb.

“Necip Fazıl” mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir. Onun yaradıcılığının, şəxsiyyətinin miqyası o qədər genişdir ki, bu məndə mükafatın ümumən Türkiyə tərəfindən verilməsi hissini oyadır” – Xalq yazıçısı Elçin bu sözləri mediaya müsahibəsində bildirib.

Qeyd edək ki, Elçin Türkiyədə ən çox əsərləri nəşr olunan müasir yazıçılardan biridir. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romanları, povest və hekayələri, esseləri – ümumilikdə 30-dək kitabı Türkiyənin nəşriyyatları tərəfindən çap olunub, pyesləri İstanbul, Ankara və digər şəhər teatrlarında tamaşaya qoyulub. 2013-cü ildə yazıçının “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı film Azərbaycan-Türkiyə kinematoqrafçıları tərəfindən iki ölkənin ilk müştərək ekran əsəri kimi tamaşaçılara təqdim olunub.