Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif istiqamətlər üzrə təqdimatlarla davam edir.

Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat görkəmli yazıçı, diplomat Yusif Vəzir Çəmənzəminliyə (1887-1943) həsr olunub.

XX əsr Azərbaycan ədəbi, ictimai-siyasi fikrinin ən parlaq nümayəndələrindən biri olan Y.V.Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub.

İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb. 1910-cu ildə Bakı realnı məktəbini bitirən Yusif Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. O, burada həm təhsil alıb, həm də bədii yaradıcılıqla məşğul olub.

Çar hökuməti universiteti müvəqqəti olaraq Kiyevdən Saratova köçürtdüyündən Yusif Vəzi təhsilini orada başa vurur. Bir müddət Saratovda işlədirkən sonra Kiyevə qayıdır və burada aktiv ictimai fəaliyyətə başlayır. 1917-ci ildə Müsavat Partiyasının Kiyev şöbəsini yaradır. O, Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri təyin olunur. Cümhuriyyət süqut etdikdən sonra bir müddət mühacirətdə yaşayır.

1926-cı ildə Vətənə qayıdan Y.V.Çəmənzəminli "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsində vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyət göstərir. Bir müddət Özbəkistanın Urgənc vilayətində müəllim işləyən ədib 1940-cı ildə həbs edilərək Bakıya gətirilir. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanılır. 1943-cü ildə Rusiyanın Nijni Novqorod vilayətində həbs düşərgəsində vəfat edir və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. 1956-cı ildə bir çox repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilir.

O, uşaq olarkən Cənubi Azərbaycanın Çəmənzəminli kəndindən bir ailə gəlib onların evində sığınacaq tapmışdı. Sonradan Yusif Vəzir bu cənublu soydaşlarımıza ehtiram olaraq özünə "Çəmənzəminli" təxəllüsü götürür və 1911-ci ildən bədii əsərlərində əsasən bu imzadan istifadə edir.

Yazıçının “İki od arasında” (“Qan içində”) əsəri Azərbaycan tarixi romanının klassik nümunəsi hesab olunur. “Qızlar bulağı”, “Studentlər”, “Bir cavanın dəftəri”, “Cənnətin qəbzi” və s. əsərləri realist nəsrimizdə xüsusi yer tutur.