Layihənin sonuncu iştirakçısı Almaniyadandır

 

Xəbər verdiyimiz kimi, “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” (“Şuşanın dörd fəsli”) adlı beynəlxalq fotoqrafiya layihəsi həyata keçirilir.

Layihə üzrə məşhur fotoqraflar Şuşa şəhərinə səfərlər edir və hər fəsil üzrə fotolar çəkirlər. Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşır. Hüseyn Taşkın (Türkiyə), Reto Guntli (İsveçrə) və Tiina İtkonen (Finlandiya) bu beynəlxalq layihədə iştirak edərək müvafiq olaraq yaz, yay və payız fəsillərindən fotoları lentə alıblar.

Şuşada qış fəslindən fotoları lentə alacaq növbəti fotoqraf – almaniyalı Fabian Vays (Weiss) hazırda ölkəmizdə səfərdədir. O, 13-16 dekabr tarixlərində Şuşada olacaq.

Dekabrın 12-də Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva qonaqla görüşüb. “4 seasons of Shusha” layihəsinin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, xarici fotoqrafların Qarabağın incisi olan Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və burada aparılan quruculuq işləri ilə yaxından tanışlığına zəmin yaradan səfərlər zamanı çəkilən fotoşəkillərdən ibarət kitab-kataloq nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələrində, habelə digər ölkələrdə sərgiləri təşkil ediləcək.