Dekabrın 15-də AMEA-da “Akademiyanın Şuşanaməsi: Ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda konfrans keçirilib.

Konfrans çərçivəsində “Şuşa İli”nə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının rəsm əsərləri, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən 2021-2022-ci il ərzində çap edilmiş kitablar, broşürlər nümayiş olunub.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bildirib ki, Prezident İlham Əliyevin “Şuşa İli” haqqında sərəncamına əsasən, akademiyanın elmi müəssisələrində Şuşa, Qarabağ və Şərqi Zəngəzurla bağlı genişmiqyaslı tədqiqatlar aparılıb. Konfransın məqsədi azərbaycanlı alimlərin son illərdə bu istiqamətdə apardıqları tədqiqatların nəticələrini ictimaiyyətə çatdırmaqdır.

“Şuşa İli” çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən Qarabağ və Şərqi Zəngəzurla aparılan tədqiqatlardan bəhs edən İsa Həbibbəyli ümumilikdə 190-a yaxın kitabın (6-sı xarici dildə) çap olunduğunu, 400-dən çox məqalənin (11 ölkədə) işıq üzü gördüyünü diqqətə çatdırıb.

Konfransda Milli Məclisin deputatları Zahid Oruc, Tural Gəncəliyev çıxış ediblər.

Türkiyəli qonaq, İstanbul Universitetinin professoru Necmi Karul dünyanın qədim yaşayış məskənlərindən olan “Göbəklitəpə” arxeoloji abidəsində aparılan tədqiqatlar barədə qısa məlumat verib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri akademik Zemfira Səfərova “Şuşa Azərbaycanın musiqi məbədidir”, Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov “Şuşa – siyasi mərkəzdən mədəniyyət paytaxtına (tarixi yolun əsas mərhələləri)”, Ədəbiyyat İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatın diskursu” və Dilçilik İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva “Qarabağ və Şərqi Zəngəzur rayonlarının dilçilik coğrafiyası üsulu ilə tədqiqi” mövzusunda məruzə ilə çıxış ediblər.

AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

***

AMEA-da “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda konfrans çərçivəsində təşkil olunan sərgidə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun guşəsi də zənginliyi ilə seçilib. Sərgidə Əlyazmalar İnstitutunun 2020-2022-ci illərdə nəşr etdirdiyi 24 adda kitab nümayiş olunub.

İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov bildirib ki, sərgidə 2 monoqrafiya, 3 monoqrafik (Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev və Nəcəf bəy Vəzirov haqqında) məqalələr toplusu, akademik Teymur Kərimlinin “Şuşanamə” kitabı, 3 şəxsi arxiv təsviri (Qəmər bəyim Şeyda, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyevin arxivləri), 2 biblioqrafiya (Paşa Kərimovun ön söz yazdığı “Xurşidbanu Natəvan”, Aybəniz Əliyeva-Kəngərlinin redaktor olduğu “Şuşa Əlyazmalar İnstitutunun əməkdaşlarının tədqiqatlarında) və nəşrlər yer alıb. Həmçinin 2 elektron resurs (Yusif Günaydının “Üzeyir Hacıbəylinin publisistikası”, Tahirə Həsənzadənin tərtib etdiyi “Tarixə dair əski çap kitablarında Qarabağ” kataloqu) təqdim olunub.