Yanvarın 26-da Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Nazir müavini iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə mədəniyyət, elm-təhsil və turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb.

Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlacek 30-cu ildönümü qeyd olunan ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Növbəti ay Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini xatırladan diplomat Azərbaycanla yalnız iqtisadi əlaqələrə təkan verilməsinə deyil, eyni zamanda mədəniyyət və turizm sahəsində də əməkdaşlığın daha da inkişafına çalışacağını bildirib.

Azərbaycanla Çexiya arasında tarixi nöqteyi-nəzərdən ortaq cəhətlərin çox olduğunu qeyd edən diplomat xalqlarımız arasında dostluğun möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycanla Çexiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.