Türk Dövlətləri Təşkilatı Türk dünyası təşkilatları Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyən (TDT) baş katibi Kubanıçbek Ömüralıyev yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat verib.

Baş katib Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücumu, zorakılıq nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsini, iki təhlükəsizlik işçisinin yaralanmasını qətiyyətlə pisləyib.

Bəyanatda qeyd olunub ki, TDT İran hakimiyyətini bu zorakı hücumla bağlı hərtərəfli araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

“Həyatını itirən zabitin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, – deyə bəyanatda qeyd olunub.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yayaraq 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilən terror aktını şiddətlə qınayıb.

Fond səfirliyin mühafizə xidmətinin əməkdaşı Orxan Əsgərovun qətlə yetirilməsindən sarsıldığını bildirib, onun yaxınlarına dərin hüznlə baş sağlığı verib.

“Müasir dünyanın ən təhlükəli problemlərindən sayılan terrorizmin insan itkisi, maddi-mənəvi dəyərlərin məhv edilməsi, zorakılığın, inamsızlığın və nifrətin yaranmasına səbəb olduğunu nəzərə alaraq, Fond İran İslam Respublikası tərəfindən bu cinayətin ciddi və hərtərəfli araşdırılmasını, günahkarların ən qısa müddət ərzində cəzalandırılmasını tələb edir”, – deyə bəyanatda vurğulanır.

***

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi də Azərbaycanın Tehrandakı səfirliyinin binasına silahlı hücumu qətiyyətlə pisləyib.
“TÜRKPA Katibliyi bu mənfur hücumu hərtərəfli araşdırmağa çağırır və günahkarların ədalət qarşısında cavab verəcəyinə ümid edir”, – deyə qurumun “Facebook” səhifəsindəki paylaşımda vurğulanır.