İşğaldan azad olunan yurd yerlərimizə “Böyük Qayıdış”ın ikinci ünvanı olan Tərtər rayonunun Talış kəndində sakinlərin Novruz şənliyinə paytaxtdan sənət sovqatı da gəlib. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı martın 20-də sakinlər və kəndə təşrif buyuran qonaqlar qarşısında konsert-tamaşa ilə çıxış edib.

Klub icma mərkəzinin qarşısındakı meydana ilk olaraq çıxan yaradıcı kollektiv Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanan kukla tamaşasını göstərib. Özündə Qarabağ məişəti və mədəniyyətinin çalarlarını da daşıyan səhnə əsərinin quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir. Tamaşada qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Aygül Ağayeva canlandırdılar.

Alqışlarla qarşılanan nümayişin ardınca meydan teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının ixtiyarına verilib. “Oyuq”çuların (Selcan Xatun, Aylin Nəcəfli, Hökumə Ağayeva, İbrahim Laçın, Adil Əlizadə) ifasında “Can Qarabağ” adlı konsert proqramı təqdim olunub.

Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevanın aparıcılığı ilə keçən konsert-tamaşa maraqlı anlarla yadda qalıb. Qarabağ qaziləri, Vətən müharibəsi şəhidlərinin doğmaları ürək sözlərini bölüşüb, kənd sakinlərinə qoşulub rəqs ediblər.