Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin və səfirlik nəzdində Hərbi attaşeliyin əməkdaşları qardaş ölkədə müalicə alan Vətən müharibəsi iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət ediblər.

Görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələrinin gedişi və qayğıları ilə maraqlanıblar, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağı vurğulanıb. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibb heyəti ilə də görüş keçirilib.

Ziyarətin sonunda vətəndaşlarımıza Novruz sovqatları təqdim edilib.

Xatırladaq ki, iki dövlət arasında imzalanan protokola uyğun olaraq, illik əsasda müayinə və müalicə olmaq üçün Türkiyəyə göndərilmiş Azərbaycan vətəndaşlarının müalicə mərkəzlərinə yerləşdirilməsi, onların qayğıları daim səfirlik əməkdaşları tərəfindən diqqətdə saxlanılır və həlli istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Mehparə Sultanova
Ankara