Axşamdan saatı səhərə yaxın – dörd tamama qurmuşam. Ancaq dərin yuxuya getməkmi olar. “Quş yuxusu” adlanan bir vəziyyət. Mayın 5-i. Saatın zəng çalmasına imkan verməyib rejimdən çıxarıram. Sevinc və həyəcanla vədələşdiyimiz ünvana – Heydər Əliyev Mərkəzinin qarşısına çatıram. Bir qədər tez gəlmişəm. Yoldaşların gəlişini səbirsizliklə gözləyirəm. Və budur, avtobusda yerimizi alırıq. İstiqamət Zəngilan torpağı, abad Ağalı kəndi...

Bu, işğaldan azad olunmuş ərazilərə ikinci səfərimdir. Keçən ilin may ayında Şuşada keçirilən V “Xarıbülbül” festivalına görə mədəniyyət paytaxtımıza yollanmışdıq. Yenə də ilk səfərin həyəcanı, sevinci qüvvədədir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi üzrə azad Zəngilan torpağında ilk incəsənət layihəsi reallaşacaq...

 

Müharibədə özləri, indi isə şəkilləri...

 

Avtobus Şərqi Zəngəzura doğru şütüyür. Biləsuvar rayonunda 5-10 dəqiqə dayanırıq. Bir qədər gəzib ayaqlarımızın keyini açırıq. Mayın ilk günləri olsa da, hava çox istidir. Kölgələnmək üçün yer axtarırıq. Bu zaman maraqlı bir mənzərənin şahidi oluram. Yolçulardan bir neçəsi şəhid qəhrəmanlarımızın şəkilləri olan lövhələrin arxasında kölgələnirlər. Düşünürəm ki, 44 günlük Vətən müharibəsində canlarını Vətən üçün sipər edən şəhidlərimiz bu dəfə də öz şəkillərinin yer aldığı lövhələrlə insanların dadına çatırlar...

Füzuli rayonunun Horadiz şəhərinə daxil oluruq. Bayraq meydanın yanında avtobusumuz dayanır, bizimlə Zəngilana gedəcək istedadlı uşaqlar öz yerlərini alırlar. Azad Zəngilan torpağına yaxınlaşdıqca sevincim coşub-daşır. Avtobusdakı uşaqlar da sevinclidirlər. Çünki ata yurdlarını ilk dəfə görəcəklər. Yolboyu oxuduqları “Qarabağ şikəstəsi”, “Bayatı-Şiraz”, “Xudayar təsnifi”nə qulaq asdıqca sanki ruhum pərvazlanır, azad torpaqlarımızın səmasında dövrə vururdu. “Anadır arzulara hər zaman Qarabağ”... bu misralarsa məni uşaqlığıma aparır. 7-8 yaşım olardı. Bir toy məclisində belə bir sağlıq deyilirdi: “...Arzu edirəm ki, Qarabağ torpaqları qayıtsın, belə məclisləri doğma yurdumuzda qeyd edək”. “Qarabağ torpaqları qayıtsın”. Bu cümlə məni hər zaman çox düşündürürdü. Axı torpağın əli, ayağı yoxdur, o, necə qayıda bilər? 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər təkcə mənim bu sualıma cavab olmadı, həm də bütün dünyaya torpaqlarımızın necə qaytarıldığını göstərdi...

Uşaqların səsləndirdiyi vətənpərvər ruhlu mahnı və şeirlərlə Füzulini və Cəbrayılı – 30 illik işğal zamanı viran qalmış əzəli yurd yerlərimizdən ötürük. Bəşəriyyətin üz qarası olan ermənilərin viran qoyduğu yaşayış məntəqələri qəlbimi qana döndərir. Günəşin qızmar şüaları torpağa dəydikcə gözlərim önündə qıpqırmızı bir mənzərə canlanır. İkinci Qarabağ müharibəsində ən qanlı döyüşlər bu istiqamətdə olduğundan fikirləşirəm ki, bəlkə də şəhidlərimizin qanı ilə suvarıldığından torpaq belə qırmızıdır...

Bir məqam xüsusilə diqqətimizi çəkir. Xaraba yurd yerlərimizi gördükcə uşaqların da gözləri böyüyür, qaşları düyünlənir, çöhrələrinə hüzn çökür. Çox güman ki, onların da qəlbində mənfur düşmən haqqında dövlət başçımızın “Elə bil bu yerlərdən vəhşi qəbilə keçib” fikirləri dolaşır. Elə ki abad Ağalıya çatırıq, onların siması işıqlanır, qürur dolu baxışları ətrafa müsbət enerji bəxş edir... 

Solumuzda Zəngəzur dəhlizindən keçəcək dəmiryolu xətti də göz işlədikcə uzanıb gedir. Elə bil bir qatar da bizimlə yanaşı qədim Naxçıvana sarı yol alıb. Hər yanda bünövrəsi qoyulan tikililər, minadan təmizlənərək əkin-biçin üçün şumlanan əraziləri görəndə ruhum təskinlik tapır.

Yollar bitmək bilmir. Gözlərim elə hey Ağalı kəndi yazılan alaqapını axtarır. Və budur, ünvana çatırıq. Doğma Zəngilanda öz yurddaşlarımızın yenidən yaşamağa başlamasını, əzəli torpaqlarımızın yenidən abadlaşmasını görüb duyğulanırıq. Uzun illər xəyalını qurduğumuz bu anları gerçəkdə yaşamaq çox qürurvericidir. Kəndin təmiz havasını ciyərlərimə çəkib bu sevinci, bu qüruru bizə yaşadan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm.

Bəli, ötən il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Kənddə ailə-sağlamlıq mərkəzi, uşaq bağçası, tam orta məktəb də sakinlərin istifadəsinə verilib. İşğala qədər bu inzibati ərazi 3 kəndi (1-ci, 2-ci və 3-cü Ağalı kəndləri) birləşdirib. Hazırda işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın ilk qədəmləri olan Zəngilan rayonunun Ağalı kəndinə üç mərhələdə 86 ailə köçürülüb.

 

Doğma yurdda qəlboxşayan nəğmələr

 

Xatırladım ki, Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilan rayonunda qeydiyyatda olan 20 uşaq Ağalı kənd tam orta məktəbində çıxış etmək üçün buradadır. İstedadlı uşaqlar xanəndəlik sənəti, Azərbaycan xalq çalğı alətləri ifaçılığı (tar), piano ifaçılığı və bədii qiraət nominasiyaları üzrə öz qabiliyyətlərini göstərəcəklər. Məktəbin akt zalında səssizlik və həyəcan hökm sürür. Uşaqlar səbirsizliklə öz çıxışlarını gözləyirlər. Və ifalar başlanır. Uşaqlar ata yurdlarında daha şövqlə, həvəslə məharətlərini göstərirlər. Onların çıxışları Əməkdar artist, xanəndə İlkin Əhmədov, bədii qiraət ustası Xəzər Süleymanlı, pianoçu Fəqan Həsənli və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq musiqi məktəbinin müəllimi, tar ifaçısı Emin Bəhramlıdan ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilir. Çıxışlar bitəndən sonra uşaqlar üçün münsiflər heyəti tərəfindən ustad dərsləri də təşkil olunur. Uşaqların gözlərindən oxunan sevinc və qürur birlikdə çəkilən xatirə fotolarında donub qalır...

Bəli, bir zamanlar həsrətini çəkdiyimiz bu torpaqlarda artıq bayram abu-havası yaşanır. Mədəni həyat canlanır. Məsələn, ötən ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Azərbaycan Dövlət Kukla Teatrının aktyor truppasının üzvləri və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının vokalçıları, Gənc Tamaşaçılar Teatrı və Füzuli Dövlət Dram Teatrının aktyorları, Bakı Dövlət Sirkinin sehrbazlarının iştirakı ilə yaddaqalan, maraqlı bayram proqramı təqdim olunub. Bundan əlavə, bu il 10 mart – Milli Teatr Günü münasibətilə yenə də Azərbaycan Dövlət Kukla Teatrının truppası və “Oyuq”çular Ağalıda bədii proqramla çıxış ediblər.

***

Bir günün 21 saatını yolda olsaq da, imkan edib dünyanın ən modern yaşayış məntəqələrindən olan kəndi başdan-ayağa gəzə bilməsəm də, Ağalı kəndində olduğum üç saat mənə heç vaxt unuda bilməyəcəyim duyğular bəxş etdi... Elə əslən Zəngilandan olub, ancaq heç vaxt öz torpaqlarını görməyən qalib ölkənin istedadlı uşaqlarına da...

Nurəddin Məmmədli
Bakı-Zəngilan-Bakı