Sənətşünas Ziyadxan Əliyevin kitabının təqdimat mərasimi keçirilib

 

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin “İstedadlar ocağı” kitabının təqdimat mərasimi keçirilib.

Kitab müəllifin özünün də məzunu olduğu Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci) 100 illiyinə həsr olunub. Ensiklopedik toplu kimi tərtib olunmuş 560 səhifəlik kitabda Azərbaycanın mədəniyyət və təsviri sənət tarixində xüsusi yeri olan bədii təhsil müəssisəsinin 100 illik (1920-2020) keçmişi, bütün məzunlarının (6 minə yaxın) adları, bu məktəbi bitirmiş məşhur sənətkarlar haqqında məlumatlar, fotoşəkillər və s. yer alıb.

Ziyadxan Əliyev kitabın ərsəyə gəlməsində ona köməklik göstərən hər kəsə təşəkkürünü bildirib və nəşrin məziyyətlərindən danışıb. Əzim Əzimzadə adına məktəbin keçdiyi tarixi yola nəzər salan müəllif məktəbin istedadlı fırça ustaları ilə yanaşı, vətənpərvər məzunlarından da bəhs edib. Bildirib ki, həmin məzunlardan 4-ü Birinci Qarabağ müharibəsində şəhid olub.

Diqqətə çatdırılıb ki, kitabın layihə rəhbəri və ön söz müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.

“Respublikamızda müxtəlif profilli ali və orta ixtisas təhsil məktəblərinin olmasına baxmayaraq, onların arasında məhz “Əzimzadə məktəbi”nin adı keçmiş SSRİ məkanında xüsusilə tanınır və istedadlar ocağı olaraq fəxrlə çəkilirdi. “Əzimzadə məktəbi” özündən öncəki sənət mühitlərini, xalq yaradıcılığını tədris plan-proqramına cəlb etməklə, peşəkar müstəviyə daşımaqla yeni bir mərhələ başlayıb. Bu anlamda, Azərbaycanda rəssamlığın tədrisi tarixini xronoloji ardıcıllıqla izləməli olsaq, tərəddüdsüz deyə bilərik ki, hazırda Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci respublikamızın tarixində özəl yeri olan təhsil ocaqlarındandır. Onun 100 ili aşan zəngin tarixi ilə tanışlıq göstərir ki, məktəbin mövcudluğu, səmərəli fəaliyyəti sayəsində milli təsviri və dekorativ-tətbiqi sənətimizin inkişafını gerçəkləşdirən minlərlə rəssam yetişib. Onların şöhrətinin çoxdan ölkə sınırlarını aşması və yaratdıqları sənət örnəklərinin Azərbaycanı şöhrətləndirən bədii-mənəvi qaynaqlara çevrilməsi bu təhsil ocağının yerini, rolunu dəqiq ifadə edir”, – deyə komitə sədrinin kitaba yazdığı ön sözdə bildirilir.

Mərasimdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sənətşünas alimi bu fundamental əsərin ərsəyə  gəlməsi münasibətilə təbrik edib, ona yeni uğurlar diləyib. Komitə sədri bu əsərin həm “Əzimzadə məktəbi”nin əlamətdar yubileyinə, həm də “Heydər Əliyev İli”nə gözəl töhfə olduğunu deyib, nəşri milli incəsənətimizin öyrənilməsi və təbliği baxımından yüksək dəyərləndirib: “Kitab “Əzimzadə məktəbi”nin 100 illik yubileyi münasibətilə hazırlansa da, nəşrinin 2023-cü ilə – “Heydər Əliyev İli”nə düşməsini də təsadüf yox, müvafiq hesab edirəm. Bu kitab Ümummilli liderimizin şərəfinə adlandırılmış 2023-cü ilə ən gözəl sənət töhfələrindən biridir”.

Qənirə Paşayeva kitabın xarici dillərə çevrilməsinin də vacibliyinə toxunub.

Kitabın hazırlanmasında əməyi olanlara Milli Məclisin Mədəniyyət komitəsi adından təşəkkürnamələr təqdim olunub.

Vaxtilə bu məktəbin məzunu olmuş Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı Arif Hüseynov və digər çıxış edənlər kitabı yüksək qiymətləndirib, belə bir nəşrin onun ərsəyə gəlməsində böyük zəhmət çəkmiş Ziyadxan Əliyevə təşəkkürlərini bildiriblər.

Tədbir bədii-musiqili proqramla davam edib.