3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin qrup sərgisi

 

Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin (UGİM) təşkilatçılığı ilə “El bilir ki, sən mənimsən” adlı rəsm sərgisi keçirilib.

Mayın 17-dən 20-dək davam edən sərgi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Sərginin açılışında ARİ-nin katibi Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Xalq rəssamı Arif Hüseynov, UGİM-in rəhbəri Lalə Qəti çıxış ediblər.

Bildirilib ki, sərgidə mərkəzin müəllimi, gənc rəssam Nərmin Abdullayeva və onun rəhbərlik etdiyi dərnəyin 13 üzvünün (8-16 yaş) əl işləri yer alıb. Bu əsərlərdə milli adət-ənənələrimiz, tarixi abidələrimiz, təbiət mənzərələri, xalqımızın zəngin folklor nümunələri, o cümlədən milli  bayramlar, rəqslər, oyunlar, nağıllar təsvir olunub.

Çıxışlardan sonra sərgiyə baxış olub. Bir-birindən fərqli baxış və düşüncə ilə yaradılan əsərlər uşaqların Vətənə məhəbbətinin, istedadının və estetik zövqünün rənglərlə təcəssümüdür. Onların əksəriyyəti respublika və beynəlxalq əhəmiyyətli sərgi və müsabiqələrdə uğur qazanıblar.

Sərgilənən əsərlər arasında Zivər Rzayevanın adına daha çox rast gəldik. Respublika və beynəlxalq müsabiqələrin qalibi, Xətai rayonu 263 nömrəli məktəbin 9-cu sinif şagirdi olan Zivərin sərgidə 16 əsəri nümayiş olunurdu. Onun “Zivər Rza” imzalı əl işləri Çexiya, Rusiya, Mərakeş və digər ölkələrdə keçirilən müsabiqələrdə diplom və sertifikatlara layiq görülüb. Gənc istedadın əldə etdiyi nailiyyətlərdə ona sənətin sirlərini öyrədən müəllimlərinin də böyük zəhməti var.

Lalə Azəri