Mayın 23-də Rəssamlar İttifaqının sərgi salonunda Süleyman Ələsgərov adına 1 saylı  İncəsənət məktəbi rəssamlıq şöbəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aybəniz Şahvələdovanın şagirdlərinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgisi açılıb.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov, məktəbin direktoru Vaqif Abbasov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, digər qonaqlar iştirak ediblər.

Mərasim məktəbin müəllimi Sevda Qurbanzadənin şagirdi, beynəlxalq və respublika müsabiqələri laureatı Rəmzi Əhmədzadənin fortepianoda ifası ilə başlayıb.

Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin ölkəmizin tarixində, millətimizin taleyində misilsiz xidmətlərindən bəhs ediblər. Vurğulanıb ki, sərgidə nümayiş olunan əsərlərdə  balaca rəssamların Ulu öndərin əziz xatirəsinə ehtiramı da ifadə olunub.

Sonra tədbir iştirakçıları rəsm əsərləri ilə tanış olublar.